DİQQƏTÇƏKƏN YAXINLAŞMA: İrəvan-Kiyev görüşündə dron məsələsi gündəmdə
Dünya
06.05.2026 11:28
Aİ sammiti çərçivəsində Nikol Paşinyan ilə Volodimir Zelenski arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, rəsmi məlumata əsasən, tərəflər Ermənistan–Ukrayna ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb, sabit və davamlı sülhün təşviqinin əhəmiyyəti qeyd olunub.
Görüşdən sonra açıqlama verən Zelenski bildirib ki, tərəflər regiondakı vəziyyəti, təhlükəsizlik çağırışlarını və təhdidləri müzakirə ediblər. O, iqtisadi tərəfdaşlığın inkişafına toxunaraq İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasını və növbəti iclasın bu il Kiyevdə keçirilməsini təklif edib.
Məlumata görə, görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Görüşdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin pilotsuz uçuş aparatları sahəsində təcrübə mübadiləsində maraqlı olduğunu bildirib və Ukrayna təcrübəsini yüksək qiymətləndirib.
Zelenski Ukraynanın müxtəlif məqsədlər üçün pilotsuz uçuş aparatlarının istehsalı imkanlarını təqdim etdiyini və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını qeyd edib.
Tərəflər qeyd olunan məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bildirilir ki, 2025-ci ilin yayında Ermənistanın xüsusi təyinatlı bölmələri Ukraynada PUA-ların istifadəsi üzrə qısamüddətli təlimlərdə iştirak ediblər.
tag: Nikol Paşinyan,Volodimir Zelenski ,Aİ sammiti ,Görüş,Todaypress.tv,
