Çin Rusiyanın tamamilə çökməsini gözləməyə başladı
Çin və Rusiya arasında illərdir vurğulanan "məhdudiyyətsiz tərəfdaşlıq" anlayışının reallıqda ciddi sınaq qarşısında olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Meduza" yazıb.
Nəşrin məlumatına görə, Pekin Moskvanı bərabərhüquqlu tərəfdaş kimi deyil, getdikcə daha çox iqtisadi cəhətdən asılı vəziyyətə düşən ölkə kimi qiymətləndirir.
Nəşr yazır ki, hazırda Çin Rusiyanın xarici ticarətinin təxminən 40 faizinə nəzarət edir. Buna qarşılıq isə Rusiya Çinin ümumi xarici ticarətində 4 faizdən də az paya malikdir. Bu da iki ölkə arasındakı iqtisadi münasibətlərdə əsas üstünlüyün Pekinin əlində olduğunu göstərir.
Qeyd olunur ki, Çin Rusiya üçün strateji əhəmiyyət daşıyan "Sibirin Gücü-2" qaz kəməri layihəsinin reallaşmasına tələsmir və qazı daxili Çin bazarındakı qiymətlərlə almaqda israr edir.
Analitiklərin fikrincə, Pekin Moskvanın daha da zəifləməsini gözləyərək daha sərfəli şərtlər əldə etməyə çalışır.
Məqalədə vurğulanır ki, Vladimir Putinin formalaşdırmağa çalışdığı "çoxqütblü dünya" modelində Rusiya gözlənildiyi kimi aparıcı gücə çevrilməyib. Əksinə, Moskvanın getdikcə Pekindən daha çox asılı vəziyyətə düşdüyü, yuanın istifadəsini genişləndirməyə məcbur qaldığı və Çinin artıq Rusiyanın gələcək siyasi elitası ilə əlaqələri gücləndirdiyi bildirilir.
Müəllifin qənaətinə görə, mövcud dinamika davam edərsə, Rusiya qlobal güc statusundan uzaqlaşaraq Çinin əsas xammal və resurs təminatçılarından birinə çevrilə bilər.
Jalə Rövşən