Xocalı qatilləri BMT-də çıxış edəndə müsəlman liderlərinin neçəsi zalı tərk etdi?
BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq təhlükəsizlik sisteminin ciddi böhran keçirdiyini göstərir.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin 2026-cı il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, sessiya çərçivəsində müzakirələr qarşılıqlı ittihamlar, boykotlar və hərbi təhdidlərlə yadda qalıb.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdə beynəlxalq təşkilatlardan gözləntilər böyük olub:
“1994-cü il sentyabrın 29-da ümummilli lider Heydər Əliyevin BMT Baş Assambleyasındakı çıxışı ölkəmizin məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması və gələcək zəfərin əsasını qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci sessiyanın əsas siyasi gündəliyi olmalı idi”.
Z.Oruc qeyd edib ki, bunun əvəzinə Azərbaycanın ünvanına Türkiyənin bəzi dairələrində, müxtəlif media platformalarında tənqidi kampaniyalar aparılıb və bunun iki dövlət arasındakı münasibətlərə zərər vurmağa yönəldiyini bildirib.
Deputat İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra nümayəndələrin plenar zalı tərk etməsinə də münasibət bildirib.
“Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi bir günlük zal boykotundan daha əhəmiyyətlidir”, – deyə o vurğulayıb.
Z.Oruc Fələstin məsələsi ilə bağlı mövqe nümayiş etdirən dairələrə suallar ünvanlayıb:
“Onillər boyu fələstinlilərin hüquqlarını istismar edən və onu geosiyasi maraqlar üçün alətə çevirən mərkəzlər ölkəmizin otuz illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər? Serj Sarkisyan və Robert Köçəryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və ya aparıcı Qərb dövləti nümayəndəsi Nyu-Yorkun baş binasını tərk edib?”
Deputat bildirib ki, Qəzza məsələsini dünyanın əsas problemi elan edən dairələrin Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən sonra əldə etdiyi zəfərin legitimliyinin tanınması və Qarabağda aparılan quruculuq prosesinə hansı dəstəyi göstərdiyi də sual doğurur.
“Müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Ötən əsrdə həmin torpaqlarda qanlı toqquşmaları yaradan və indi salonu tərk edən bir çox dövlətlərdir”, – deyə Z.Oruc qeyd edib.
O, Fransa Prezidenti Emmanuel Makronun çıxışına da toxunaraq bildirib ki, Makron İslam dünyasının rəğbətini qazanmaq üçün alovlu çıxış edib. Deputatın sözlərinə görə, 2020-ci il noyabrın 25-də Fransa hökumətini “ikinci erməni dövlətini” tanımağa çağıran da Fransa Senatı olub.
Z.Oruc çıxışının sonunda Qarabağın bərpası ilə bağlı beynəlxalq dəstəyin vacibliyini vurğulayıb:
“İkinci Dünya müharibəsindən sonra Almaniyanın bərpasında Marşall Planı mühüm rol oynamışdı. Azad Qarabağda ortaq İslam və türk Marşall Planı layihəsini həyata keçirib zənginlərdə bir kəndi inşa etməyənlərin özlərini qlobal prokuror kimi aparmağa ixtiyarı yoxdur”.
Qiymət Mahir