Sahibə Qafarova: Tətil dövründə Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib
Tətil dövründə Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib, parlamentin deputatları bir sıra beynəlxalq tədbirlərdə iştirak edib və xarici ölkələrə səfərlər həyata keçiriblər.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 sentyabr 2026-cı il tarixində keçirilən plenar iclasında çıxışı zamanı deyib.
S.Qafarova bildirib ki, qanunvericilik işinə fasilə verilsə də, tətil dövründə parlamentin beynəlxalq fəaliyyəti davam edib.
Onun sözlərinə görə, bu müddət ərzində Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib.
“Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmiş, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə etmişlər”, – deyə parlament sədri qeyd edib.
S.Qafarova bildirib ki, həmin dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti olmaqla, ümumilikdə 142 xarici qonaq Milli Məclisdə olub.
Parlament sədri ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirdiyi ikitərəfli görüşlərdən də danışıb.
O qeyd edib ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və rəhbərlik etdikləri nümayəndə heyətləri, həmçinin Çin və Özbəkistanın baş prokurorları ilə keçirilən görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olub.
S.Qafarova əlavə edib ki, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb.
“Bu, şəbəkənin yarandığı 5 il ərzində artıq onun imzaladığı 10-cu əməkdaşlıq sənədidir”, – deyə Milli Məclisin sədri bildirib.
O, həmçinin qeyd edib ki, bu dövrdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də Almaniyanın yeni təyin olunmuş səfirləri ilə Milli Məclisdə görüşləri keçirilib.
Qiymət Mahir