Uşaq hüquqlarının qorunması üçün Milli Fəaliyyət Planı hazırlanır
Cəmiyyət
18.12.2025 11:25
"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Medialar və uşaq hüquqları” adlı dərs vəsaiti hazırlanaraq çap edilib və bütün media subyektlərinə, eləcə də Mətbuat Şurasına və digər media qurumlarına təqdim olunub".
TodayPress TV xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.
O əlavə edib ki, bununla yanaşı, Dövlət Komitəsi tərəfindən genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir:
"Bu tədbirlər həm regionlarda, həm də şəhərlərdə, yerli səviyyədə təşkil olunur. Maarifləndirmənin əsas məqsədi bir tərəfdən valideynlərin məlumatlandırılması, digər tərəfdən isə yetkinlik yaşına çatmayan uşaqların bilik və bacarıqlarının artırılmasıdır".
Şöbə müdirinin sözlərinə görə, maarifləndirmə kampaniyaları təhsil müəssisələrində, digər dövlət qurumlarında, eləcə də sosial şəbəkələr üzərindən aparılır. Bütün bu tədbirlərin əsas məqsədi uşaqların üstün maraqlarının qorunmasıdır:
"Xüsusilə intihar hallarının yayılması, kiberbullinq, onlayn zorakılıq və digər bu kimi risklər fonunda uşaqların hüquqlarının pozulmasının qarşısının alınması prioritet məsələ kimi götürülür.
Eyni zamanda bir məqama da diqqət çəkmək istərdim ki, Azərbaycanda son dövrlərdə mühüm proqram və strategiyalar qəbul olunub. Məsələn, aprel ayında süni intellektlə bağlı konsepsiya, cari ilin 27 yanvar tarixində rəqəmsallaşma strategiyası, 2023-cü ildə isə kiber-cinayətkarlıqla mübarizə proqramı təsdiqlənib. Lakin təəssüf ki, bu sənədlərdə uşaq hüquqlarının qorunması ilə bağlı xüsusi müddəalar hələlik əksini tapmayıb".
Elgün Səfərov qeyd edib ki, bu məsələni nəzərə alaraq, Dövlət Komitəsi tərəfindən “Uşaq hüquqları üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Layihə çərçivəsində dövlət qurumları ilə razılaşdırılmış şəkildə rəqəmsallaşma və süni intellektin uşaqlara təsiri araşdırılır, eyni zamanda innovativ yanaşmaların tətbiqi nəzərdə tutulur. Bu sənəddə uşaqlar həm istifadəçi, həm də hüquqlarının müdafiəsinə ehtiyacı olan əsas benefisiar qrup kimi nəzərdə tutulur və gələcəkdə “Uşaq Strategiyası” və digər əlaqəli sənədlərdə də bu yanaşmalar öz əksini tapacaq.
Türkan İsgəndərli
tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,
