Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində psixoloji-sosial dəstək gücləndirilir

Cəmiyyət

16.12.2025 12:48

“Xəzər rayonunda fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas əhali qruplarına psixoloji, sosial və maarifləndirici xidmətlərin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir”.

TodayPress TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova məlumat verib.

Onun sözlərinə görə, mərkəzdə psixoloji və sosial xidmətlər göstərilir, 0–5 yaş arası uşaqlar üçün Denver II inkişaf testi tətbiq olunur. Bu test vasitəsilə uşaqların böyük motorika və kiçik motorika bacarıqları, eləcə də ümumi inkişaf səviyyəsi qiymətləndirilir. Eyni zamanda yeniyetmələr və böyüklərlə psixoloji iş aparılır.

“Mərkəzin fəaliyyəti yalnız fərdi xidmətlərlə məhdudlaşmır. Ailələrə ziyarətlər həyata keçirilir, müxtəlif təlimlər, seminarlar və tədbirlər təşkil olunur. Maarifləndirmə tədbirləri çərçivəsində erkən nikahın fəsadları, sağlam həyat tərzi, zərərli vərdişlər, reproduktiv sağlamlıq, zorakılıq, qızlara dəstək və cins seçiminin qarşısının alınması mövzularına xüsusi diqqət yetirilir.

Bundan əlavə, digər qurumların mütəxəssislərinin iştirakı ilə dəyirmi masalar, asudə vaxtın səmərəli təşkili, qadın məşğulluğunun artırılması, insan alveri ilə mübarizə, ailə dəyərlərinin təbliği, eləcə də Beynəlxalq Mülki Müdafiə və digər mövzular üzrə tədbirlər keçirilir”, - deyə mütəxəssis qeyd edib. 

O bildirib ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi aztəminatlı və natamam ailələr, şəhid və qazi ailələri, valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud şəxslər, gənc ailələr və digər həssas qruplarla işləyir. Hər ay təşkil olunan Açıq Qapı günləri zamanı vətəndaşlara əlavə sosial və hüquqi dəstək göstərilir, mərkəzə gəlmək imkanı olmayan şəxslər üçün isə səyyar görüşlər keçirilir.

A.Kərimova əlavə edib ki, Xəzər rayonu üzrə cari ildə məişət zorakılığına məruz qalan 6 qadın və 1 kişi qeydə alınıb, 7 nəfər barəsində mühafizə orderi tətbiq olunub.

Qeyd edək ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi 2007-ci ildən fəaliyyət göstərir. Hazırda mərkəzdə 13 nəfərdən ibarət heyət çalışır.

Qiymət Mahir

TodayPress TV

tag: Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi,Aysun Kərimova,Komitə,Tədbir,Todaypress.tv,