Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir
Redaktor, jurnalist Rəsul Mirhəşimli çalışdığı media qurumundan ayrılması və baş verənlər barədə geniş açıqlama verib.
TodayPress TV xəbər verir ki, o, jurnalistikada öz prinsiplərinin olduğunu qeyd edərək, iş münasibətlərinə və sonradan yaşananlara dair detalları açıqlayıb.
"Mənim özüm üçün jurnalistikada müəyyənləşdirdiyim meyarlar var: İşlədiyim yerlərdə işimə tam məsuliyyətlə yanaşaram, hansısa iş yerindən ayrıldımsa, bu media subyekti barədə nəsə yazmaram. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir".
Onun sözlərinə görə, o, 2024-cü il noyabrın 1-də news24.az saytında redaktor kimi fəaliyyətə başlayıb və paralel olaraq RTV-nin layihələrinə də cəlb olunub:
"İşə başlayanda mənim vəzifələrim sadalandı. Bu saytda redaktor kimi çalışacağım müddətdə eyni zamanda RTV-nin işinə də yardımçı olacaqdım. İşin ilk günü bu media qurumunun rəhbəri Ruhiyyə Əliyeva məni qəbul etdi və RTV-də həftədə bir dəfə yayımlanan özünün müəllifi olduğu ‘Qaranlıqda həqiqət’ verilişinə dəvət olunan qonaqlara sualları hazırlamağımı və verilişin redaktə işlərini də mənə tapşırdı. İşin ilk günü bu media qurumunun rəhbəri Ruhiyyə Əliyeva məni qəbul etdi və RTV-də həftədə bir dəfə yayımlanan özünün müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişinə dəvət olunan qonaqlara sualları hazırlamağımı və verilişin redaktə işlərini də mənə tapşırdı. Beləliklə, həyatda heç zaman qarşılaşmadığım Ruhiyyə Əliyeva ilə ilk dəfə həmin gün görüşdüm. İlk çəkilişin redaktəsi mənə gələndə aparıcı qonaqla müsahibəsi zamanı çox kobud bir səhvə yol vermişdi".
Jurnalist redaktə zamanı yol verilən səhvləri efirə getməyə qoymadığını və ümumilikdə çox geniş iş yükü ilə çalışdığını bildirib:
"İşlədiyim müddət ərzində saytda əməkdaşlara mövzular verdim, müxbirlərdən gələn yazıların redaktəsini etdim, gündəmə uyğun siyasi təhlil məqalələri yazıb, saytın analitik qrupu adından yayımladım, demək olar ki, hər gün müxbirlərin adından yazılar yazdım, köşə yazılarımı növbəlilik prinsipi ilə dərc etdim. Bir redaktor bundan artıq iş görməli deyil, məncə. Bu gördüklərim işlər isə bir saytda bir neçə nəfərin görə biləcəyi işlər idi. Bəzən ekspertlər gənc müxbirlərin suallarına cavab verməyəndə özüm həmin adamlarla danışır, açıqlama vermələrini də özüm xahiş edirdim. Bu açıqlamaların hazırlanması üçün müxbirlərə bütün detalları izah edirdim".
Redaktor daha sonra işdən çıxarılması ilə bağlı iddia irəli sürüb. Onun sözlərinə görə, 2025-ci ilin martında ona əmək müqaviləsinə xitam veriləcəyi bildirilib:
"Bir Ramazan günü, Novruz bayramı ərəfəsində mənə Ruhiyyə Əliyevanın sifarişi gətirildi: "Aprelin 1-dən səninlə əmək müqaviləsinə xitam veririk. Çünki fayda vermədin." Mənim gördüyüm gündəlik faydalı işləri isə yuxarıda qeyd etmişəm. Heç nə demədən əşyalarımı yığıb işdən ayrıldım".
Rəsul Mirhəşimli işdən çıxarıldıqdan sonra da hazırladığı materiallardan istifadə edildiyini iddia edib:
"Mən işdən çıxandan sonra Ruhiyyə Əliyeva düz iki ay hazırladığım suallar əsasında verilişini çəkdi. "İşləməyən" birinin faydasını hətta mən işdən çıxandan sonra 9 veriliş boyunca gördü".
O, daha sonra rəhbərliklə telefon danışığı və tənqidlərə görə təzyiq olduğunu düşündüyü məqamları da qeyd edib:
"Bir neçə ay əvvəl veriliş barədə tənqidi rəy yazdıqdan sonra mənə zəng elətdirdi. Bütün iradlarımı özünün eşidə biləcəyi şəkildə çatdırdım. Adam mənim işdən çıxarılmağımdan guya xəbəri olmadığını, işdən çıxarıldığım üçün çox peşman olduğunu çatdırdı mənə. Bir məhkəmədə mühakimə olunan müttəhimə hakim özünü müdafiə üçün son söz verir. Mənim barəmdə kimlər inxəbər daşıdığını da çox gözəl bilirəm, amma bir müəssisə rəhbəri qərar verəndə həmin əməkdaş barədə deyilənlərin cavabını həmin adamın özündən dinləməli idi".
Jurnalist hüquqi pozuntuların olduğunu iddia edərək, xüsusilə Qarabağ müharibəsi veteranı statusu ilə bağlı məsələyə də toxunub:
"Əmək Məcəlləsinin tələblərinə əsasən isə Qarabağ müharibəsi veteranı işdən o halda çıxarıla bilər ki, həmin müəssisə fəaliyyətini dayandırsın. Mənim barəmdə qərar veriləndə həm ədalət tapdanıb, həm də Əmək Məcəlləsinin tələbləri pozulub. Ruhiyyə Əliyeva bir neçə nəfərə mənim işdən çıxarıldığıma peşman olduğunu deyib. Mən kiməsə bəddua etmərəm, amma əminəm ki, qul haqqına girən istənilən insan bu dünyada peşman, Qiyamət günü isə pərişan olacaq. Əməkdaşlarını iclasa çağırıb, "Siz hamınız mənə məxsussunuz. Hər birinizin üzərində mənim adım var" deyən biri üçün bu qədər yazmaq bəlkə də faydasızdır".
Türkan İsgəndərli