Neftlə bağlı BƏDBİN PROQNOZ: Qiymət 50 faiz…
Cəmiyyət
31.01.2026 17:40
İqtisadçı əlavə edib ki, bu il neftin qiyməti ötən ilə nisbətən azı 10 faiz aşağı olacaq.
“Neft bazarında gün ərzində müşahidə olunan qiymət dəyişmələri adi haldır və bu cür qısamüddətli dalğalanmalara əsaslanaraq uzunmüddətli proqnozlar vermək doğru deyil”.
İqtisadçı Xalid Kərimli bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O hesab edir ki, birjalarda gündəlik qiymət artımı və ya azalması davamlı baş verən prosesdir. Cari ildə neftin qiyməti ötən illə müqayisədə daha aşağı səviyyədə olacaq:
“Bu il dövlət büdcəsində neftin bir bareli 65 dollar səviyyəsində nəzərdə tutulub. Hazırkı şəraitdə neftin qiymətinə təsir edən əsas amillər qlobal iqtisadi artım tempinin zəifləməsi, alternativ enerji mənbələrinə marağın artması və böyük neft istehsalçılarının hasilat siyasətidir”.
İqtisadçı əlavə edib ki, bu il neftin qiyməti ötən ilə nisbətən azı 10 faiz aşağı olacaq.
Həmçinin bir sıra beynəlxalq qurumlar neftin qiymətini 55-65 dollar intervalında proqnozlaşdırır:
“Neftin qiymətində və ixrac həcmlərində baş verən dəyişikliklər ölkəyə daxil olan valyutanın həcmini, eləcə də ticarət və tədiyyə balansının vəziyyətini müəyyən edir. Əgər bu faktorlar neftin bahalaşmasına səbəb olarsa, bu, müsbət nəticə verəcək. Əks halda, qiymətlərin ucuzlaşması mənfi təsir göstərəcək”, - deyə X.Kərimli fikrini yekunlaşdırıb.
Qeyd edək ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti qiymət artımı nümayiş etdirib.
Belə ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,63 faiz artaraq 73,35 ABŞ dollarına yüksəlib.
Türkan İsgəndərli
tag: Xalid Kərimli,İqtisadçı,Neft,Proqnoz,Todaypress.tv,
