Heyvan kəsiminin yaşı dəyişir: Qiymətlər artacaq?

Cəmiyyət

18.03.2026 16:58

Azərbaycanda iri və xırdabuynuzlu, həmçinin xırdabuynuzlu heyvanların kəsim yaşını tənzimləmək planlaşdırılır. 

Bu məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı” layihəsində əksini tapıb.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu yanaşma ölkədə heyvan sayının qorunması baxımından əsaslıdır. 

  

“Azərbaycanda xüsusilə xırdabuynuzlu mal-qaranın sayı kəskin şəkildə azalır. Bunun səbəblərindən biri quzuların vaxtından əvvəl, yəni yetkinləşmədən kəsilməsidir”.

Ekspert əlavə edib ki, kəsim yaşının tənzimlənməsi ilə bağlı müəyyən qaydalar tətbiq oluna bilər, lakin onların icrasına nəzarət çətin olacaq:

“Hər rayonda və kənddə ayrıca nəzarətçi təyin etmək real deyil. Buna görə də, nəticəyə daha çox insanların təşviq edilməsi və maarifləndirmə yolu ilə nail olmaq mümkündür. Bu məsələ inzibati cəhətdən sərt şəkildə tətbiq olunmaqdan daha çox təbliğat və təşviq yolu ilə həll oluna bilər”.

İqtisadçı qeyd edib ki, bunun sayəsində heyvanların sayının qorunması və qida təhlükəsizliyinin təmin olunması mümkün olacaq. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,Heyvan kəsimi,Qiymət,Artım,Todaypress.tv,