Günəşdə nəhəng tac dəliyi yarandı

Cəmiyyət

16.12.2025 19:15

Günəşdə bir müddət davam edən sakitlikdən sonra ulduzun səthində qeyri-adi formalı böyük tac dəliyi yaranıb.

TodayPress TV xəbər verir ki, bu dəlikdən çıxan sürətli günəş küləyi 17-18 dekabr tarixlərində Yerə çatacaq və orta intensivlikli maqnit fırtınalarına səbəb ola bilər.

Alimlərin bildirdiyinə görə, tac dəlikləri Günəşdə maqnit sahəsinin açıq olduğu bölgələrdir və bu ərazilərdən yüksək sürətli hissəcik axınları kosmosa yayılır. Bu axın Yerə yönəldikdə, planetin maqnitosferinə təsir edərək maqnit fırtınaları yaradır.

Hazırda Günəşdə alovlanma aktivliyi minimal səviyyədədir. Buna baxmayaraq, məhz tac dəlikləri uzunmüddətli, lakin nisbətən zəif və orta güclü fırtınaların əsas səbəbi hesab olunur.

Mütəxəssislərin proqnozuna görə, yaxın günlərdə G1-G2 səviyyəli maqnit fırtınaları baş verə bilər, bəzi anlarda isə G3 səviyyəsinə çatma ehtimalı var. Bu, orta enliklərdə qütb işıqlarının görünməsi, radio və GPS rabitəsində qısamüddətli pozuntular, meteohəssas insanlarda isə halsızlıq və baş ağrıları ilə müşayiət oluna bilər.

Alimlər qeyd edirlər ki, bu hadisə ekstremal xarakter daşımır, lakin 25-ci Günəş dövrünün zirvəsinə uyğun olaraq 2025-ci ilin yüksək günəş aktivliyi ilə seçilməyə davam etdiyini bir daha göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Günəş,Tac,Aktivlik,Yer,Todaypress.tv,