Gündə bir imam zühur edir - Sosial şəbəkələrdə ortaya çıxan "peyğəmbərlər" nədən törəyir?
Cəmiyyət
04.05.2026 15:42
Son illərdə sosial şəbəkələrdə müxtəlif dini iddialarla çıxış edən şəxslərin sayı artır. Bu cərəyanlar bəzən ənənəvi dini baxışlardan kəskin şəkildə fərqlənir və cəmiyyət daxilində müzakirələrə səbəb olur.
Bəs bu cür ideyalar necə formalaşır və onların əsas məqsədi nədir?
İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, məsələnin kökündə həm tarixi, həm də müasir geosiyasi faktorlar dayanır.

Onun sözlərinə görə, İslam dini mahiyyət etibarilə dəyişən zaman və məkan şərtlərinə uyğunlaşa bilən bir dindir:
"İslam dini mahiyyəti etibarı ilə islahata açıq dindir. Zaman və məkana, dövrün tələblərinə görə dini hökmlər Qurana görə dəyişə bilər. Lakin orta əsrlərdə formalaşmış istismarçı ruhani sinfi bu reform özəlliyini İslam dinindən ayırdı".
İlahiyyatçı əlavə edib ki, bu proses nəticəsində dinin mahiyyətindən uzaqlaşma baş verib və xurafat elementləri güclənib:
"Beləcə geriçilik, elmdən uzaqlaşma, xurafata meyl artdı. İnsanlar real həyatdan uzaqlaşıb qeybdən Mehdi gözləməyə, müxtəlif obrazlara xilaskar rolu verməyə başladılar. Yaranmış bu zəifliklərdən xarici qüvvələr də istifadə edib. Həmçinin İslama düşmən olan kənar qüvvələr bu işartılardan məharətlə istifadə edib müsəlmanları saysız təriqət və məzhəblərə böldülər. Əsas böyük iki qrup – sünni və şiə yarandı və sonradan bu qrupların daxilində də parçalanmalar dərinləşdirildi".
Ekspert iddia edir ki, bəzi yeni dini cərəyanlar siyasi məqsədlərlə formalaşdırılır və müəyyən güclərin maraqlarına xidmət edir:
"Bu gün ortaya çıxan bəzi ‘yeni din’ və ya təriqətlər əslində müəyyən dövlətlərin ideoloji və siyasi maraqlarına xidmət edir. Onlar özlərini müasir və islahatçı kimi təqdim etsələr də, əslində dini prinsipləri təhrif edərək insanları cəlb etməyə çalışırlar".
Tural İrfan xüsusilə "Əhmədi sülh və nur dini" kimi təqdim olunan cərəyanla bağlı ciddi iddialar səsləndirib:
"Bu qurum ABŞ-nin İraqı işğal etdiyi dövrdə formalaşdırılıb. Məqsəd isə əsasən şiə icmasını parçalamaq və siyasi təsir gücünü zəiflətmək idi. Guya yeni bir Mehdi zühur edib, yeni din gətirib və dini qaydaları dəyişib. Bu cür cərəyanlar əsasən dini bilikləri zəif olan insanları hədəf alır. Təəssüf ki, belə qruplar əsasən sadəlövh və dini savadı zəif olan insanları cəlb edir. Qurandan və İslamın mahiyyətindən xəbərsiz şəxslər bu təsirlərə daha tez düşür".
Mütəxəssis vurğulayıb ki, bu kimi hərəkatlar dini mətnləri və prinsipləri öz məqsədlərinə uyğun şəkildə dəyişdirir:
"Quranı və digər səmavi kitabları təhrif edir, yeni iddialar irəli sürürlər. Hətta qiblənin yeri, dini qaydalar və peyğəmbərlərlə bağlı əsassız fikirlər yayırlar. Ənənəvi dini yanaşma qorunmalıdır. Qurana görə sonuncu din İslamdır. Nə qeybdən yeni xilaskar gələcək, nə də yeni din yaranacaq. Ona görə də bu kimi qondarma cərəyanlara qarşı diqqətli olmaq lazımdır", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Tural İrfan,İlahiyyatçı,İmam,Zühur,Todaypress.tv,
