Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı
AMEA Arxeologiya və Antropologiya İnstitutu Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda genişmiqyaslı arxeoloji qazıntılar aparır. Tədqiqatlar İnstitut ilə "Azerbaijan International Mining Company" (AIMC) arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Arxeologiyası və Antropologiyası nəşri məlumat yayıb.
Məlumata görə, Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi məqsədi daşıyan qazıntılar Gədəbəy Arxeoloji Ekspedisiyasının Xarxar dəstəsi tərəfindən aparılır.
Ekspedisiyaya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edir. Tədqiqatlarda arxeoloqlarla yanaşı, antropoloqlar, etnoqraflar, alban irsini araşdıran mütəxəssislər və bərpaçı-rəssamlar da iştirak edirlər.
Xarxar nekropolu ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən yerli sakinlərin verdiyi məlumat əsasında müəyyənləşdirilib. Abidədə ilk genişmiqyaslı arxeoloji kəşfiyyat işləri isə 2023-cü ildə Gədəbəy Arxeoloji Ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılıb.
Nekropol Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik qolunun yüksək sol sahilində yerləşir. Şamil Nəcəfovun sözlərinə görə, abidənin sahəsi 1 hektardan bir qədər artıqdır. İlkin müşahidələr nekropolun vaxtilə daha geniş ərazini əhatə etdiyini göstərir. Bu qənaəti ətraf ərazilərdə aşkar olunan eyni tipli qəbir daşları da təsdiqləyir.
Arxeoloji qazıntılardan əvvəl ərazidə ölçmə işləri aparılıb, qazıntı sahəsi zonalara və kvadratlara bölünüb. Ümumilikdə 1700 kvadratmetrlik sahədə 17 qazıntı kvadratı müəyyən edilib və onların 12-də ilkin mərhələ artıq tamamlanıb.
Qazıntılar zamanı relyefdən asılı olaraq üst torpaq qatı götürüldükdən sonra, əsasən uşaq qəbirləri olmaqla, çoxlu sayda yeni dəfn yeri aşkarlanıb. Nəticədə nekropolda müəyyən edilən qəbirlərin sayı təxminən 500-ə çatıb. Tədqiqatçılar digər sahələrdə işlər başa çatdıqdan sonra bu rəqəmin daha da artacağını istisna etmirlər.
Müşahidələr göstərir ki, qəbirlərin böyük əksəriyyəti cənub-qərb – şimal-şərq istiqamətində yerləşir. Qəbirüstü daşların əksəriyyəti təbii qaya və dağ daşlarından hazırlanıb. Bəzi daşların üzərində isə cızma üsulu ilə işlənmiş alban xaçları təsvir edilib. Xüsusilə lotos gülü formasında işlənmiş xaç təsvirləri alban dövrünün xristian simvolikasının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
İlkin araşdırmalar nekropoldakı dəfnlərin az bir hissəsinin xristianlıqdan əvvəlki dövrə, böyük əksəriyyətinin isə xristianlığın qəbulundan sonrakı mərhələyə aid olduğunu göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu ərazidə dəfnlər təxminən 4–5 əsr ərzində fasiləsiz davam edib.
Qeyd edilib ki, növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin öyrənilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və digər elmi araşdırmalar həyata keçiriləcək.
Hazırda Xarxar nekropolunda arxeoloji tədqiqatlar davam etdirilir.
Jalə Rövşən