Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu

Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu
12.05.2026 15:30 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

TodayPress TV xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdilər.

Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

İki hektar sahəni əhatə edən zonada isə “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. “Media mərkəzi”nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.

Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

“Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.

Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.

Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.

Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 178 ölkədən 30 mindən çox iştirakçı tədbirə qatılacağını təsdiqləyib. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların "yaşıl enerji zonası"na çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 Bütün Xəbərlər