Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar

Bütün Ermənistan Azərbaycanca danışmağa başladı  - Seçkilərə damğa vuran olaylar
04.06.2026 15:57 Təhlil

Ermənistanda həm hakimiyyət, həm də müxalifət Azərbaycan amilindən öz maraqları üçün istifadə edir, amma fərqli məqsədlərlə.

Bu əsasən müxalifətin, xüsusilə, Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun taktikasıdır.

3 iyun seçki mitinqində nümayiş etdirilən Azərbaycan dilindəki süni intellekt videosu təsadüfi deyil. Onlar bilərəkdən erməni xalqının içindəki dərin travmanı yenidən qabartdılar: “Paşinyan bizi satır, 300 min azərbaycanlı gəlib evlərimizə girəcək” mesajını verdilər.

Məsələ burasındadır ki, Azərbaycan orda  ən güclü emosional təsir vasitəsidir. Rusiyayönlü oliqarx Karapetyan və komandası anlayır ki, iqtisadi və ya sosial vədlərlə Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyəcəklər. Amma “Azərbaycan təhlükəsi” hələ də erməni cəmiyyətində ən işlək rıçaqdır. Onlar xalqı qorxutmaqla revanşist əhval-ruhiyyə yaratmaq, Paşinyanı “təslimçi” damğası ilə təqdim etmək və səsləri öz tərəflərinə çəkmək istəyirlər. Eyni zamanda Rusiyanın maraqlarını da qoruyurlar — Paşinyanın Qərbə yaxınlaşmasının qarşısını almaq üçün.

Başqa bir tərəfdən baxsaq, 2025–2026-cı tədris ilindən etibarən Ermənistanın 3 dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunur.

Burada artıq başqa məntiq işləyir. Paşinyan “Real Ermənistan” konsepsiyasını irəli sürür — yəni tarixi xəyallardan əl çəkib, real sülh və normal qonşuluq münasibətləri qurmaq. Azərbaycan və türk dillərini öyrənmək, onların fikrincə, gələcək üçün investisiyadır: ticarət, diplomatiya, hətta kəşfiyyat baxımından da faydalı ola bilər.

Amma bu addım da risklidir. Müxalifət bunu dərhal “xəyanət” kimi təqdim etdi. Paşinyan isə hesab edir ki, qorxunu azaltmaq və yeni nəsli daha praqmatik düşüncə ilə yetişdirmək lazımdır.

Azərbaycan hələ də Ermənistanın daxili siyasətində ən güclü “xarici” amillərdən biridir. Hər iki tərəf Azərbaycandan istifadə edir: biri qorxutmaq, digəri isə “sülh tərəfdarı” imici yaratmaq üçün.

Seçkilər yaxınlaşdıqca bu rıçaq daha da güclənir, çünki erməni seçicisi hələ də təhlükəsizlik və “torpaq” mövzularına ən həssas yanaşan elektoratdır.

Ermənistanın daxili siyasi zəifliyi ortadadır.  Onlar hələ də bizi “düşmən” kimi görmədən siyasət qura bilmirlər. Biri qorxutmaqla səs toplayır, digəri isə qorxunu idarə etməklə hakimiyyəti saxlamağa çalışır. Hər ikisi üçün Azərbaycan amili ən rahat və effektiv alətdir. 

Revanşist qüvvələr iddia edirlər ki, Azərbaycan Ermənistanda seçki prosesinə müdaxilə edir. Maraqlı paradoks ondadır ki, əslində biz danışmasaq da  onlar bizim adımızdan danışırlar — öz siyasi oyunlarını oynamaq üçün.

Jalə Rövşən

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər