TDT-yə üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü başa çatdı - YENİLƏNDİ

Xarici siyasət

02.04.2026 13:10

Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü başa çatıb.

TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov yekun nitqi ilə çıxış edərək gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparıldığını bildirib.

"Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır", - o qeyd edib.

Ə.Əsədov tədbirin yekunu olaraq birgə bəyanat qəbul edildiyini açıqlayıb.

TodayPress TV

***
11:21

Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin Vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak edir.

Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-logistika məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, TDT-yə üzv dövlətlərin hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.

TodayPress TV

tag: Bakı,TDT,Gülüstan sarayı,Görüş,Todaypress.tv,