Tarixi məhəllələrin yenilənməsində yerli icmanın rolu vacibdir

Xarici siyasət

20.05.2026 13:33

“Şəhərlərin yaradıcı və canlı qalması üçün tarixi məkanların yenilənməsi prosesinə yerli icmaların cəlb edilməsi əsas şərtlərdən biridir”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı İsgəndəriyyə Kitabxanasının qurucu direktoru, müəllif və mədəniyyət eksperti İsmail Seragəldin deyib.

O bildirib ki, Bürc Xəlifə, Sidney Opera Evi, Eyfel qülləsi və Pekindəki “Quş yuvası” stadionu kimi simvolik tikililər şəhərlər üçün vacib olsa da, şəhərin ruhunu yaradan əsas amil insanlar arasındakı qarşılıqlı əlaqədir.

İ.Seragəldin qeyd edib ki, şəhərlərin qədim mərkəzləri insanların kimliyi, yaddaşı və mədəni irsi ilə bağlı xüsusi əhəmiyyət daşıyır: 

“İnsanlar məhz bu məkanlara getməyi sevir, çünki bu yerlər onların xatirələrinin və kimliyinin bir hissəsidir”.

Ekspert Tunis şəhərinin qədim Həfsiyə məhəlləsində həyata keçirilən mükafatlı yenilənmə layihəsini nümunə göstərib. Onun sözlərinə görə, ilkin mərhələdə bəzi tarixi tikililər dağıdılsa da, sonradan layihə dayandırılıb və yerli icma ilə birgə işləmək qərarı verilib.

O vurğulayıb ki, əsas məqsəd insanların köçürülməsinin qarşısını almaq və onları prosesin iştirakçısına çevirmək olub: 

“Yerli icmaya kiçik kreditlər və texniki dəstək verildikdən sonra küçələr tamamilə yeniləndi”.

İ.Seragəldin əlavə edib ki, tarixi məkanların qorunması yalnız binaların saxlanılması deyil, həm də həmin ərazilərdə yaşayan insanların həyatının və icma ruhunun qorunması deməkdir.

Qiymət Mahir

TodayPress TV

tag: İsmail Seragəldin,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,