Keniyanın sirri: Şəhərlərin böyük tikinti meydançasına çevrilməsinin səbəbi nədir?
Xarici siyasət
21.05.2026 16:43
“Sabit və aşağı faizli kredit mexanizmi mənzil əlçatanlığının əsas şərtidir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Afrika əlverişli mənzil təminatı” adlı xüsusi sessiyada Keniya Respublikasının “UN-Habitat” üzrə səfiru və daimi nümayəndəsi Susan Nakhumiça Vafula deyib.
O bildirib ki, mənzil siyasətində əsas dərslərdən biri yalnız evlərin tikilməsi deyil, həm də onların uzunmüddətli maliyyələşdirilməsi sisteminin qurulmasıdır.
Susan Nakhumiça Vafula qeyd edib ki, Keniya bu məqsədlə Kenya İpoteka Yenidənmaliyyələşdirmə İnstitutu ilə əməkdaşlıq edir və bu mexanizm vasitəsilə banklara və kredit təşkilatlarına uzunmüddətli, aşağı faizli kapital təmin edilir.
Onun sözlərinə görə, bu yanaşma vətəndaşların aşağı faizli kreditlər vasitəsilə mənzil əldə etməsini asanlaşdırır və mənzil sektorunda dayanıqlılığı artırır.
“Keniya mənzil proqramlarında sosial, əlçatan və bazar qiymətli evlər olmaqla müxtəlif gəlir qruplarına uyğun seqmentləşdirmə tətbiq edir. Bu model yalnız güclü siyasi iradə və davamlı liderliklə mümkün olur. Keniya Prezidenti son günlərdə Mombasa şəhərində yeni ev sahiblərinə açarların təqdim edilməsi mərasimində iştirak edib və bu, ölkədə mənzil siyasətinə verilən yüksək prioriteti göstərir. Keniya üzrə demək olar ki, bütün şəhərlər hazırda tikinti meydançasını xatırladır və bu, aktiv urban inkişaf prosesinin göstəricisidir”.
Qiymət Mahir
tag: Susan Nakhumiça Vafula,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,
