Elnarə Ənsari: İnklüziv inkişaf bərabər imkanların yaradılmasıdır

Xarici siyasət

20.05.2026 16:06

“İnklüziv inkişaf yalnız sosial dəstək deyil, həm də əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasıdır”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa” sessiyasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari deyib.

O bildirib ki, Azərbaycanda inklüziv məşğulluq və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində sistemli işlər görülür və bu prosesdə rəqəmsal həllər mühüm rol oynayır:

“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi universal dizayn prinsipləri əsasında yaradılıb və müxtəlif xidmətləri vahid məkanda birləşdirir. Burada əlçatanlıq, psixososial dəstək və işarə dili xidmətləri inteqrasiya olunmuş şəkildə təqdim olunur”.

E.Ənsari qeyd edib ki, mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin yalnız xidmət alan deyil, həm də yaradıcılıq və iqtisadi fəaliyyətə qoşulan aktiv subyektlərə çevrilməsidir:

“Biz istəyirik ki, benefisiarlar bacarıqlarını inkişaf etdirsin, yaradıcılıqlarını ifadə etsin və iqtisadi imkanlara çıxış əldə etsinlər. Bu model artıq uğurla genişlənir və Azərbaycanın regionlarında da tətbiq olunur. Mərkəzin təcrübəsi regionlara da yayılır və bu, inklüziv inkişafın ölkə üzrə daha geniş yayılmasına imkan yaradır. Azərbaycan bu sahədə beynəlxalq platformalarda da təmsil olunur və bu, inklüzivliyin qlobal əməkdaşlıq aspektini gücləndirir. Bizim məqsədimiz inklüzivliyi yalnız sosial xidmət kimi deyil, həm də davamlı inkişafın əsas prinsipi kimi formalaşdırmaqdır”.

Qiymət Mahir

TodayPress TV

tag: Elnarə Ənsari,DOST,WUF13,Tədbir,Todaypress.tv,