Dmitri Pineviç: “Ticarət-iqtisadi əməkdaşlıq real layihələrlə genişlənir”
Xarici siyasət
17.12.2025 17:07
“Oktyabr ayında Bakıda Belarus–Azərbaycan Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, iclas ilk dəfə olaraq iki gün davam edib və proqram çərçivəsində Qarabağa səfər də nəzərdə tutulub. Səfir vurğulayıb ki, hazırda bu ərazilərdə tərəflərin birgə layihələri uğurla reallaşdırılır:
“Sənaye sahəsində əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda sistemli işlər davam etdirilir. Bu günədək müəssisədə 14 min Belarus istehsalı olan traktor yığılıb. Hazırda zavodda yanğın-xilasetmə və digər xüsusi təyinatlı texnikaların istehsalı da həyata keçirilir. “Vertus” şirkəti tərəfindən Belarus–Azərbaycan birgə istehsalı olan 279 lift buraxılıb və müxtəlif mərhələlərdə olan digər sənaye layihələri üzrə işlər davam etdirilir”.
Belarus səfiri Azərbaycanın əczaçılıq sənayesində müşahidə olunan sürətli inkişafı xüsusi vurğulayıb. O bildirib ki, Prezidentin iştirakı ilə açılan zavodlar da daxil olmaqla bir sıra əczaçılıq müəssisələrində olub:
“Mütəxəssis kimi deyə bilərəm ki, bu müəssisələrin səviyyəsi son dərəcə yüksəkdir və Belarus tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində yeni dərman preparatlarının istehsalı üçün böyük potensial mövcuddur”.
Diplomat əlavə edib ki, üçüncü ölkələrin bazarlarında, xüsusilə Avrasiya İqtisadi İttifaqı məkanında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu istiqamətdə Belarus səfirliyi Rusiya və digər ittifaq ölkələrinin diplomatik nümayəndəlikləri ilə birgə iki dəyirmi masa keçirib.
Qiymət Mahir
tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,
