Adib Benbrahim: İqtisadi fəaliyyət yoxdursa, binanı qorumağın mənası yoxdur!
Xarici siyasət
20.05.2026 13:44
“Tarixi məhəllələrin qorunması zamanı yalnız binaların bərpasına deyil, həmin ərazilərdə yaşayan insanların həyat tərzinin saxlanılmasına da diqqət yetirilməlidir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı Mərakeş Krallığının Mənzil, Şəhərsalma və Şəhər Siyasəti Nazirliyinin Mənzil üzrə Dövlət Katibi Adib Benbrahim deyib.
O qeyd edib ki, ilk baxışda əsas diqqət tarixi binanın qorunmasına yönəlir:
“Adətən əvvəlcə binanın bərpası, fasadların yenilənməsi və yenidən qurulması ilə bağlı işlər görülür. Bu yanaşma qoruma baxımından əlverişli hesab olunur. Yalnız binanın bərpası ilə kifayətlənmək düzgün deyil. Tarixi məhəllədə insanlar, sakinlər və qorunmalı həyat tərzi var. Əgər paralel şəkildə iqtisadi fəaliyyət inkişaf etdirilməzsə, təkcə binanı qorumağın mənası qalmır”.
O bildirib ki, bəzi hallarda daha radikal yenilənmə üsulu tətbiq edilir. Bu yanaşma söküntü, sakinlərin köçürülməsi, yolların yenidən qurulması və müasir görüntünün yaradılmasını əhatə edir.
Dövlət katibi vurğulayıb ki, belə yanaşma şəhərin kimliyinin itirilməsi riskini yaradır:
“Şəhərin yaddaşını qorumaq üçün söküntüyə əsaslanan yenilənmədən uzaq durmaq lazımdır”.
Onun fikrincə, ən düzgün yol bütün məhəllənin canlandırılmasıdır. Bu yanaşma dağıntını deyil, binaların və yaşayış mühitinin bərpasını nəzərdə tutur.
Qiymət Mahir
tag: Adib Benbrahim,Dövlət Katibi,WUF13,Çıxış,Todaypress.tv,
