Ukrayna müharibəsində YENİ GƏRGİNLİK: Uğursuz Əbu-Dabi görüşləri...

Təhlil

02.02.2026 12:55

Rusiya tərəfindən Ukraynanın elektrik stansiyaları, transformator məntəqələri və paylama şəbəkələrinə yeni dalğalı zərbələrin endirilməsi gözlənilir. 

Maraqlıdır, üçtərəfli və ikitərəfli danışıqların planlaşdırıldığı bir vaxtda belə bir zərbə mümkündürmü və bu, danışıqlara hansı təsirləri göstərə bilər?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ukrayna münaqişəsində tərəflər nə qalib gəlir, nə də geri çəkilir: 


"Ukrayna savaşı ətrafında olduqca mürəkkəb situasiya yaranıb. Münaqişə tərəfləri savaşdan çıxmaq imkanlarından hələ də uzaqdır və eyni zamanda hər iki tərəf döyüş meydanında bir-birinə qalib gəlmək potensialına malik deyil. Rusiya iqtisadiyyatı çöküş mərhələsindədir, Ukrayna isə əsasən Qərbdən aldığı yardımlar sayəsində döyüş meydanında müqavimət göstərə bilir. Yəni, hər iki tərəfə də savaşı dayandırmaq lazımdır, ancaq hər iki tərəf gələcəkdə fəlakətə səbəb ola biləcək şərtlər daxilində savaşdan çıxmaq istəmir".

Onun fikrincə, hazırkı situasiya Rusiyanın qarşıya qoyduğu hədəflərin yerinə yetirilməsində israrlı mövqe tutduğunu göstərir:  

“Xüsusilə Kreml Ukrayna ilə danışıqları, Putin və Tramp arasında əldə olunmuş gizli razılaşmaların icrası ilə əlaqələndirir. Yəni bütün bunlar göstərir ki, yaxın vaxtlarda sülh ehtimalı çox yüksək deyil”.  

Analitik qeyd edib ki, Rusiya Donbas və Zaporojye AES-i ələ keçirməkdə israrlıdır:

"Rəsmi Kiyev Rusiyanın Donbas və Zaporojye atom elektrik stansiyasını ələ keçirmək tələbinə qəti şəkildə etiraz edir. Rusiya isə bu tələblər yerinə yetirilməzsə, savaşın dayandırılmasından imtina edir. Beləliklə, hər iki tərəf mövqeyində israrlı davranmağa davam edir. Rusiya Donbası ələ keçirməklə Ukraynanın suverenliyini şübhə altına almaq, atom elektrik stansiyasını ələ keçirməklə isə Avropaya qarşı nüvə təhdidi imkanlarını genişləndirmək niyyətindədir".

E.Xalidbəyli sonda əlavə edib ki, Əbu-Dabi görüşləri uğursuz ola bilər: 

"Burada həm Ukrayna, həm də Avropa üçün prinsipial əhəmiyyət daşıyan ciddi məqamlar mövcuddur. Buna görə də Əbu-Dabi görüşlərinin real nəticələr verə biləcəyi qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla bu görüşlər də iflasa uğrayacaq və yaxın aylarda Rusiya ilə Ukrayna arasında atəşkəs və ya sülh sazişinin əldə olunması indiki şərtlər daxilində mümkün görünmür". 

Qeyd edək ki, Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fevralın 1-də təxirə salınan növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq. 

Jalə Rövşən

TodayPress TV

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,