Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək?

Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək?
07.08.2026 22:33 Dünya

Rumıniya hökuməti iclasda milli elektroenergetika sistemində vəziyyət tələb edəcəyi təqdirdə Transelectrica şirkətinə bəzi təhlükəsizlik tədbirləri görməyə imkan verən qərarı təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Həmin tədbirlər sırasında elektrik enerjisi ixracının məhdudlaşdırılması və sistemdə vəziyyət pisləşərsə, istehlakın mərhələli şəkildə azaldılması da var. Qərar Rumıniyada Dunay çayında su səviyyəsinin kəskin enməsi və uzun sürən isti hava şəraiti nəticəsində elektrik enerjisi istehsalının azalması səbəbindən elan edilmiş həyəcan vəziyyəti fonunda qəbul edilib. Tədbirlər yalnız iri sənaye elektrik enerjisi istehlakçılarına şamil olunur, ev təsərrüfatlarına isə aid deyil.

Transelectrica tətbiq ediləcək tədbirlərin vaxtını və həcmini müəyyən edir. İqtisadi subyektlər məhdudiyyətlərin tətbiqi barədə ən azı 24 saat əvvəl xəbərdar edilməlidirlər. Qərara əsasən, qeyd olunan tədbirlər avtomatik tətbiq olunmur, yalnız enerji bazarında böhran vəziyyəti yarandıqda, insanların təhlükəsizliyinə, avadanlıqlara və ya milli elektroenergetika sisteminin bütövlüyünə təhdid meydana çıxdıqda qüvvəyə minir.

Qərar müvəqqəti xarakter daşıyır və 31 avqust 2026-cı il tarixinədək tətbiq olunacaq. Hakimiyyət orqanları ümid edirlər ki, həmin vaxta qədər isti hava səngiyəcək və Dunay çayında suyun səviyyəsi yüksələcək.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər