Tramp Çinlə savaşa çıxacaqdı, İran özünü "qurban verdi"...
Təhlil
05.05.2026 15:51
“Amerika və İsrailin İrana hücumu sadəcə strateji bir xəta deyil, Amerika imperiyasının çöküşündə həlledici dönüş nöqtəsidir”.
Amerikalı jurnalist Kristofer Koldvel bunu “New York Times”da dərc olunan məqaləsində yazıb
O bildirib ki, dünyanı idarə edən sistemlər yalnız o halda ayaqda qalır ki, dövlətin imkanları onun qarşıya qoyduğu məqsədlərə çatsın. İndi isə İran müharibəsi ilə Prezident Donald Tramp Amerikanın gücünü imkanlarından daha artıq yükləyərək onu təhlükəyə atıb:
“Əslində, Trampın Orta Şərqdə hərbi macəraya atılacağı heç kimin ağlına gəlməzdi. O, hər üç seçki kampaniyasında sübut etməyə çalışırdı ki, ABŞ-nin əsas problemi gücünü düzgün bölüşdürməməsidir. Tramp deyirdi ki, Amerika ordusu xaricdə demokratiya qurmaqda uğursuzdur və İraq bunun ən böyük sübutudur. Cozef Baydenin "Biz Amerikayıq, hər şeyi bacararıq" lovğalığının əksinə, Trampın seçiciləri onun yeni müharibələrə girməyəcəyinə inanırdılar.
Trampın planı bəlli idi:
Diqqəti Orta Şərqdən uzaqlaşdırıb Qərb yarımkürəsinə yönəltmək. O, keçən ilin sonunda Orta Şərqin Amerika xarici siyasətində dominant olduğu günlərin bitdiyini elan etmişdi. Bu, məntiqli və tarixi təcrübəyə əsaslanan bir plan idi. Necə ki, Britaniya İkinci Dünya Müharibəsindən sonra saxlaya bilmədiyi koloniyalardan vaxtında əl çəkərək özünü qoruya bildi, Trampın da belə bir şansı var idi. Amma o bu şansı İran müharibəsi ilə itirdi”.
Trampın "Öncə Amerika" siyasətini dəstəkləyən bir yazarın bu tənqidləri irəli sürməsi vəziyyətin ciddiliyindən xəbər verir.
Trampın əsas hədəfi Çinlə rəqabət aparmaq və daxili iqtisadiyyatı gücləndirmək idi. Lakin İranla müharibə bütün resursları yenidən Orta Şərq bataqlığına çəkir. Müəllif qeyd edir ki, hərbi güc artıq əvvəlki kimi qorxuducu deyil. İran raketləri və dronları ilə müqavimət göstərə bilir, bu isə ABŞ-nin "məğlubedilməzlik" imicini zədələyir. İngiltərə vaxtilə uzaq torpaqlardan geri çəkilərək imperiyanı idarə olunan şəkildə kiçiltdi.
ABŞ isə əksinə, bacarmayacağı qədər böyük yükün altına girərək özünü zəiflədir.
İran müharibəsi Amerikanı çətin seçim qarşısında qoyub: Ya sonsuz resurs xərcləyib bu savaşı davam etdirmək, ya da geri çəkilərək zəifliyini qəbul etmək. Kristofer Koldvelə görə, bu hadisə Amerikanın super güc zirvəsindən enişinin rəsmi təsdiqidir. Dünya artıq ABŞ-nin "hər şeyi həll edən güc" olmadığını görməyə başlayır.
Qiymət Mahir
tag: Donald Tramp,ABŞ,İsrail,İran,Todaypress.tv,
