Rusiya İrandan “uran” umur: Tehranın cavabı nə olacaq?

Təhlil

03.02.2026 19:50

Moskva Tehranın nüvə proqramı ətrafında beynəlxalq gərginliyin azaldılması tədbirlərinin bir hissəsi kimi İrandan zənginləşdirilmiş uranın Rusiyaya çıxarılması imkanını nəzərdən keçirməyə hazırdır.  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu mövzu çoxdan gündəmdə olub. 

Sözügedən məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, ABŞ-İran arasında mümkün razılaşma üçün bu variant üzərində müzakirələrin aparılması yeni məsələ deyil.

Onun sözlərinə görə, hətta Türkiyə variantı da mətbuatda müzakirə olunur: 

“İran bu variantla razı olacağına dair mesaj verməyib. İstər dini lider və müşavirləri, istərsə də hökumət üzvləri bu variantın qəbul ediləcəyi ilə bağlı yanaşma sərgiləməyiblər. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian danışıqların İranın milli maraqları çərçivəsində aparılmasının zəruriliyini önə çəkib”. 

Siyasi analitik qeyd edib ki, hazırda Vaşinqton-Tehran danışıqlarında vasitəçi kimi əsas oyunçu olan Türkiyə də ABŞ-nin maksimalist yanaşmasının müharibəyə səbəb olacağını bilir və dolayısı ilə ABŞ-nin şərtlərinin yumşaldılmasının zəruriliyini ifadə edir. 

O vurğulayıb ki, İsrail-İran müharibəsində də ABŞ və İran arasındakı vasitəçi rolunu oynayan Türkiyənin Ağ Ev lideri Donald Tramp üzərində təsir imkanlarının yaratdığı dialoq mühiti və mümkün razılaşma ehtimalı İsraili narahat edir. Ona görə də İsrail Trampa təzyiq edərək, məhz Təl-Əvivin tezislərinin şərt kimi irəli sürülməsinə nail olub. Bu isə təbii ki, ABŞ-ni də çətin vəziyyətə salır və müharibə riski ilə üz-üzə qoyur. 

Əli Zülfüqaroğlu əlavə edib ki, Ankara ilə yanaşı Moskva da prosesdə var və İran çalışır ki, ABŞ-Rusiya dialoqundan yararlansın: 

“Buna görə də Rusiya ilə İran arasında təmasların olması təsadüfi sayıla bilməz. İranın mövqeyi ondan ibarətdir ki, sanksiyalar götürülərsə, İran qapılarını ABŞ investisiyasına aça bilər. Amma bunun üçün Vaşinqton Təl-Əvivin tezislərindən deyil, ABŞ və İranın, eyni zamanda bölgədəki müttəfiq dövlətlərin maraqlarından çıxış etməli və qarşılıqlı güzəştləri əks etdirən variant üzərində dayanmalıdır. Hesab edirəm ki, hazırda Türkiyə ilə yanaşı Rusiya da bunun üçün səy göstərir”. 

Aysel Mətləb

TodayPress TV

tag: Əli Zülfüqaroğlu,İran,Rusiya,Uran,ABŞ,Todaypress.tv,