Qlobal istiləşmə sərhədlərin dəyişməsinə səbəb ola bilər?

Təhlil

25.09.2025 16:34

BMT və müxtəlif beynəlxalq institutların proqnozlarına görə, 2050-yə qədər 200 milyona yaxın insan iqlim dəyişikliyi səbəbindən məcburi köçkünə çevrilə bilər.

Bu, müharibələrdən qaçqın düşənlərin sayını belə ötəcək. Əsas səbəblər su qıtlığı, istilik dalğaları, daşqınların və dəniz səviyyəsinin qalxmasıdır. 

Maraqlıdır, su və torpaq uğrunda gedən savaşlar yaxın 20 ildə sərhədləri dəyişdirəcəkmi?

Milyonlarla insanın iqlim səbəbindən köçməsi beynəlxalq hüquqa hansı yeni çağırışlar yaradır?

“Qlobal iqlim dəyişikliyi dünyanın ciddi şəkildə su problemi ilə üz-üzə qalmasına səbəb olur”

Bu sözləri TodayPress TV-yə siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

“Ümumilikdə dünyada hal-hazırda baş verən müharibələrin əsası məhz su məsələsi ilə bağlıdır. Yəni, bu gün Yaxın Şərqdə baş verən proseslərin də, ümumilikdə digər bölgələrdə, məsələn, Hindistan-Pakistan bölgəsində baş verən hadisələrin də əsas səbəbi məhz sudur. Çünki qlobal iqlim dəyişikliyi dünyanın ciddi şəkildə su problemi ilə üz-üzə qalmasına səbəb olur və bu problem dəfələrlə geniş şəkildə müzakirə olunub. Elə keçən il Bakıda keçirilən COP29 tədbirinin əsas müzakirə mövzularından biri də məhz dünyadakı su qıtlığı ilə bağlı məsələ idi. Bu, ümumilikdə aspektiv olaraq bütün dünya ölkələrini əhatə edir. Əgər əvvəllər təkcə Afrika qitəsində bu problem var idisə, hal-hazırda bütün qitələrdə içməli su təminatı ilə bağlı çox ciddi şəkildə problemlər var”, - deyə o bildirib.

“ABŞ Prezidenti Donald Tramp etiraz edir”

Ekspert, həmçinin deyib:

“Bu da qlobal istiləşmə ilə bağlıdır və təkliflər olunur ki, qlobal iqlim dəyişikliyi ilə bağlı məsələləri təmzimləmək dünyanın diqqət mərkəzinə çəkilsin, bu məqsədlər üçün ölkələr tərəfindən maliyyə ayrılsın. Hazırda ABŞ Prezidenti Donald Tramp buna etiraz edir və BMT tribunasında çıxışında bildirdi ki, “iqlim mafiyası” bu məsələlərlə geniş şəkildə məşğul olur, bu mafiya dünyada fəaliyyət göstərir və buna görə də vəsait ayrılmağına ehtiyac yoxdur. Məlumdur ki, Tramp bir qədər maliyyə vəsaitləri barəsində “simiclik” göstərən siyasətçidir və buna görə də bu məsələlərdən yan keçməyə çağırır”.

Zeynal Əmrəliyev son olaraq bildirib:

“Ancaq biz yaxşı bilirik ki, iqlim dəyişikliyi hal-hazırda qlobal siyasətdə əsas böhranlardan biridir. Su və torpaq uğrunda savaşlar, bəli, hal-hazırda da davam edir. Yenidən deyirəm ki, dünyada olan müharibələrin demək olar ki, böyük əksəriyyəti su məsələsi ilə bağlıdır və bu, bəli, yaxın gələcəkdə müharibələrin sayının daha da artmasına səbəb ola bilər. Xüsusilə də quraqlıq baş verən ölkələrdə. 20 il ərzində sərhədlərin dəyişdirilməsi ilə bağlı məsələlər aktuallaşa bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,Qlobal istiləşmə,Sərhədlər,Todaypress.tv,

photo