Ramiz Yunus İrandakı etirazlarla bağlı ÜÇ SSENARİNİ AÇIQLADI

Təhlil

07.01.2026 18:28

“Bu gün İranda baş verənlər sadəcə etirazlar dalğası deyil, dərin və sistemli böhranın təzahürüdür. Prezident Məsud Pezeşkian cəmiyyətə “buxarını çıxarmaq” imkanı vermək üçün irəli sürülmüş fiqur rolunu oynayır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” sosial şəbəkə hesabında paylaşdığı analitik məqaləsində bildirib.

Professorun sözlərinə görə, İranda baş verən proseslər mahiyyət etibarilə Sovet İttifaqının dağılmasından əvvəlki son illəri xatırladır:


“SSRİ-də iqtisadi böhran, ideoloji yorğunluq və Əfqanıstan avantürası sistemi zəiflətdi. Hakimiyyət cəmiyyəti birbaşa boğmaq əvəzinə nəzarət olunan “perestroyka”ya start verdi və SSRİ-nin prezidenti Mixail Qorbaçovu önə çıxartdı. Azadlıq görüntüsü yaradıldı, amma nəticədə sistem dağıldı. Ardınca Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Yeltsin gəldi, daha sonra isə xüsusi xidmət orqanları hakimiyyəti Vladimir Putin vasitəsilə geri qaytardı. Sistem dəyişmədi, sadəcə forması dəyişdi”.

Ramiz Yunus hesab edir ki, bu gün İranda da oxşar ssenari işə salınmağa çalışırlar:

“Pezeşkian müvəqqəti olaraq cəmiyyətin gərginliyini azaltmaq funksiyasını daşıyır. Etirazların əsas səbəbi iqtisadidir. Sanksiyalar, inflyasiya, işsizlik, korrupsiya və sosial ədalətsizlik çıxılmazlıq hissi yaradıb. Dövlət resursları ölkənin inkişafına deyil, ideologiyaya, daxili nəzarətə və xarici layihələrə yönəldilir”.

Professor vurğulayıb ki, gənc qızın hicabla bağlı həyatını itirməsi mövcud hadisələrin başlaması üçün sadəcə katalizator rolunu oynayıb:


“Cəmiyyət onsuz da son həddə çatmışdı. Etirazlar müxtəlif sosial təbəqələri birləşdirdi, lakin regionlara və etnik qruplara görə reaksiyalar fərqlənir”.

Onun sözlərinə görə, etnik azərbaycanlıların etirazlarda nisbi passivliyi təsadüfi deyil:

“Onlar ehtiyatlı davranırlar, çünki liderlərinin bir qismi mərkəzi hakimiyyətlə inteqrasiya olunub və radikal aksiyalar yüksək risk daşıyır. Kürdlər muxtariyyət perspektivini nəzərə alaraq prosesləri daha çox kənardan izləyir, bəluclar sərt hərbi nəzarət səbəbindən ehtiyatlıdır, cənubdakı ərəb əhalisi isə əsasən lokal sosial-iqtisadi problemlərə fokuslanır”.

Ramiz Yunusun fikrincə, ölkə daxilində proseslərin taleyini əsasən etnik farsların davranışı müəyyən edir:

“Əhalinin təxminən 40 faizini təşkil edən farslar etirazların ön cəbhəsindədir. Onların dəstəyi rejimin legitimliyi baxımından həlledicidir və bu, hakimiyyət üçün ciddi təzyiq yaradır”.


Professor hadisələrin inkişafı üçün üç mümkün ssenari irəli sürür:

“Birinci ssenari təkamüllüdür: Pezeşkian yumşaq ritorika və kosmetik islahatlarla cəmiyyəti qismən sakitləşdirir, sonda hakimiyyət yenidən SEPAH-a qayıdır — Rusiyada Putinin gəlişi kimi. İkinci ssenari sərtdir: təhlükə hiss edilərsə, etirazlar güc yolu ilə yatırılacaq. Üçüncü ssenari isə nəzarətdən çıxmadır — elita daxilində parçalanmalar və küçənin təzyiqi 1991-ci ildə Moskvada Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (QKÇP) zamanı olduğu kimi, sürətli eskalasiyaya səbəb ola bilər”.

Beynəlxalq faktorlarla bağlı professor bildirib ki, ABŞ və İsrailin birbaşa müdaxiləsi real görünmür:

“Bu ölkələr anlayır ki, hərbi təzyiq rejimi daha da konsolidasiya edə bilər. Ona görə də müşahidəçi mövqedə qalaraq daxili dinamikanı izləyirlər”.

Ramiz Yunus qeyd edib ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə Prezident Pezeşkian arasındakı fikir ayrılığı rol bölgüsüdür:


“Xamenei xarici düşmən obrazı yaradır, Pezeşkian isə sistem daxilində stabitləşdirici rol oynayır”.

Professor Xameneinin Moskvaya mümkün səfərini İranın Rusiyadan strateji asılılığının göstəricisi kimi qiymətləndirib:


“Moskva rejim üçün həm təhlükəsiz liman, həm də Qərbə qarşı təzyiq alətidir”.

Yekunda Ramiz Yunus vurğulayıb ki, tarix nəzarət olunan islahatların əsl məqsədini açıq şəkildə göstərir:

“Perestroyka azadlıq üçün yox, sistemi xilas etmək üçün başlamışdı, amma onun süqutunu sürətləndirdi. Bu gün əsas sual budur: İranın “perestroykası” yeni bir Putinin ortaya çıxmasına gətirib çıxaracaq, yoxsa sistem cəmiyyətin təzyiqi altında özü dağılacaq?”

Professor sonda Almaniyanın birinci kansleri Otto fon Bismarkın məşhur fikrini xatırladıb:


“İnqilabları dahilər planlaşdırır, fanatiklər həyata keçirir, onların bəhrəsindən isə alçaqlar yararlanır”.

Qiymət Mahir

TodayPress TV


tag: Ramiz Yunus,İran,Etiaz,Ssenari,Politoloq,Todaypress.tv,