İrana mesaj: "Azərbaycanı deyil, Ermənistanı hədəf alın" - POLİTOLOQ
Təhlil
08.08.2025 19:04
İran rəsmiləri Azərbaycanın “Zəngəzur dəhlizi” layihəsi və xarici siyasəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar Bakının ABŞ və İsrailin dəstəyi ilə bölgədə geosiyasi dəyişikliklərə cəhd etdiyini iddia edirlər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Politoloq Natiq Miri bəzi dairələrin Azərbaycana qarşı mövqeyini "sərt və qərəzli" adlandırıb.
Onun sözlərinə görə, bu cür yanaşmalar Azərbaycan düşmənçiliyindən qaynaqlanır və "xəstə təxəyyülün məhsuludur":
"Adətən bu tip münasibətlər parlament üzvləri, sabiq deputatlar və bəzən də bəzi siyasətşünaslar tərəfindən sərgilənir. Lakin bu, Azərbaycan üçün əhəmiyyət kəsb etmir. İranın hazırkı prezidenti Məsud Pezeşkianın mövqeyi bəllidir. Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində addımlar atılır və Pezeşkian da əməkdaşlığı gücləndirmək üçün bütün qapıları açır".
Politoloq bildirib ki, anti-Azərbaycan ritorikası yeni hal deyil və mahiyyət etibarilə heç nəyi dəyişməyəcək:
"Əgər etiraz varsa, ünvanı səhv salıblar. Etirazı Azərbaycana deyil, Ermənistan hökumətinə etməlidirlər. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən 44 kilometrlik yol beynəlxalq hüquqa görə Ermənistana aiddir. Qərarı verəcək tərəf də Ermənistan hökumətidir. Regiona sülh, əməkdaşlıq və iqtisadi inkişaf gətirmək istəyən ABŞ-yə qarşı da çıxıb bəyanatlar versinlər, amma nədənsə bu edilmir".
Siyasi şərhçi əlavə edib ki, artıq layihəyə qarşı maneələrin yaradılması mümkün deyil:
"Qatar gedib. Əgər kimsə mane olmaq istəyirsə, ünvan bəllidir. Bu, Ermənistan hökuməti və 44 kilometrlik yolu operator kimi idarə edən şirkət, yəni dolayısı ilə ABŞ-dir. Onlara şikayət edə bilərlər. Zamanında Pezeşkianın çağırışını dinləyib, layihənin bir hissəsi olsaydılar, bu, İrana qazandırardı. İndi isə İranın prosesdə iştirakı və öz yüklərini daşıması problemli olacaq. Düşünəsi varsa, bu, İranda mövcud olan qaragüruh və xəstə təxəyyüllü qruplardır", - deyə Natiq Miri fikrini sonlandırıb.
Qeyd edək ki, İran parlamentinin nümayəndələri və dini fiqurlar İsrailin Azərbaycandakı mövcudluğunu region üçün təhlükə sayır, rəsmi Tehranın Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini isə strateji səhv kimi qiymətləndirirlər.
Onlar İran hökumətini fəal diplomatik addımlar atmağa və bölgədə balansı bərpa etməyə çağırıblar.
Türkan İsgəndərli
tag: İran,Azərbaycan,Ermənistan,Zəngəzur,Todaypress.tv,
