Suriya və İran arasında kompensasiya qalmaqalı: Kim-kimə borcludur?
Təhlil
06.01.2026 10:04
Suriyanın maliyyə naziri Məhəmməd Yasir Barniya İranın Suriyadan 30–50 milyard dollar tələb etdiyini bildirib, lakin Dəməşqin əksinə, ölkənin dağıdılmasına görə Tehrandan onlarla dəfə çox məbləğdə kompensasiya tələb etməyə hazırlaşdığını açıqlayıb. Barniya İran hökumətini Bəşər Əsədə dəstək verməklə Suriyanın dağıdılmasında müstəsna rol oynamaqda günahlandırıb.
Maraqlıdır, İranın Suriyaya dəstəyi Suriya üçün hansı ağır nəticələrə səbəb olub.
və Suriya kompensasiya tələbində nə dərəcədə haqlıdır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, Suriya İrana qarşı deyil, kompensasiya tələb etmək isə əsassızdır:

"Bu günə qədər Suriya İrana daha çox kömək edib, nəinki İran Suriyaya. Əgər söhbət Bəşər Əsəd hakimiyyətinin iqtidarda qalmasından gedirsə, bunun məsuliyyətini mövcud Suriya hakimiyyəti daşımır. Çünki mövcud Suriya hakimiyyəti onsuz da Əsəd rejiminə qarşı döyüşüb və kifayət qədər itki verib. Üstəlik, onlar İranın dəstəklədiyi Əsədə qarşı da mübarizə aparıblar. Bu baxımdan, Suriyadan bu məbləğin tələb edilməsi olduqca absurd və gülməlidir".
Analitik qeyd edib ki, İranın hərəkətləri Suriyaya zərər vurub:
"Yəni kifayət deyilmiş kimi, İranın dəstəklədiyi Əsəd və digər radikal qruplar Suriyaya böyük zərbə vurub. Hələ buna əlavə olaraq, İran ələviləri də bu qrupları dəstəkləyərək onları ayağa qaldırmağa çalışıblar. Bu proses hələ də davam edir. Belə olan halda, bu məbləğin tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. İran keçmiş hakimiyyəti proksi qüvvələri vasitəsilə dəstəkləyibsə, bu, əksinə mövcud hakimiyyətə, yəni dövlətə zərbə vurmaq deməkdir. Belə şəraitdə Suriya tərəfi İrandan kompensasiya tələb edə bilər, əks halda təbii ki, yox".
Jalə Rövşən
tag: Turan Rzayev,Politoloq,Suriya,İran,Todaypress.tv,
