Qlobal bazarlar SİLKƏLƏNƏCƏK! Çin yuanı dollara qarşı

Təhlil

02.02.2026 17:11

Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin yuanını qlobal ehtiyat valyutasına çevirməyi təklif edib.

O qeyd edib ki, yuan qlobal ehtiyat valyutası statusuna çatmalıdır ki, bu da Çinin beynəlxalq maliyyə sistemindəki mövqeyini gücləndirəcək. 

Si Cinpin, həmçinin ticarət, investisiya və ABŞ dollarından asılılığın azaldılması üçün valyuta gücünün vacibliyini vurğulayıb.

Maraqlıdır, Çin iqtisadiyyatı və maliyyə bazarları bu təklifə hazırdırmı?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, heç bir dövlətin milli valyutası səbəbsiz qlobal ehtiyat valyutasına çevrilə bilməz:


“Hər hansı bir dövlətin milli valyutası qlobal ehtiyac valyutasına sözlə və ya əmrlə çevrilmir. Hansı dövlətin iqtisadiyyatı daha güclüdürsə, onun valyutası da daha etibarlı hesab edilir. Bunun məntiqi nəticəsi olaraq ölkələr, transmilli şirkətlər, investorlar və bazar iştirakçıları həmin valyutaya üz tutur. Nəticədə o, qlobal ehtiyac valyutasına çevrilir”.

İqtisadçı bildirib ki, Çin yuanı artıq qlobal ehtiyat valyutaları sırasında yer alır:

“Çinin valyutası onsuz da qlobal ehtiyat valyutasıdır və bu valyutada kifayət qədər ehtiyatlar saxlanılır. Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Çin Sədri bu valyutanı bir nömrəli mövqeyə çıxarmaq üçün bu cür açıqlama vermiş ola bilər”.

E.Əmirovun fikrincə, yuanın dolları əvəz etməsi üçün Çin iqtisadiyyatı mövcud səviyyədən daha yüksək mərhələyə qalxmalıdır:

“Bunun üçün Çin iqtisadiyyatı indiki səviyyəsindən daha da böyüməlidir. Lakin yaxın günlərdə yuanın dolları əvəz edə biləcəyini düşünmürəm”.

Qiymət Mahir

TodayPress TV

tag: Eldəniz Əmirov,Ekspert,Yuan,Dollar,Todaypress.tv,