Politoloq: "Avropa Türkiyə ilə səmimi deyil"

Təhlil

15.12.2025 17:43

“50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi hələ də davam edir. NATO-nun ikinci ən böyük quru ordusuna sahibik. Bu proses ərzində gizli və açıq məhdudiyyətlərə, hətta embarqolara məruz qaldıq. Buna baxmayaraq, müdafiə imkanlarımızı inkişaf etdirməyə davam etdik. Avropadan atılacaq addımlar bundan sonrakı mərhələni müəyyən edəcək”.

Bunu R.T. Ərdoğan Türkiyənin Aİ yə üzvlüyü ilə bağlı deyib.     

Bəs Rəcəb Tayyib  Ərdoğanın bu açıqlamasından sonra  Türkiyənin Aİ-yə üzvlük perspektivi real mərhələyə keçə bilərmi? Bu proses niyə uzadılır ?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Avropa Türkiyəyə qarşı səmimi olmayıb: 


"Təbii ki, bu proses Türkiyə üçün çox prinsipial mahiyyət daşıyırdı və bu gün də daşıyır. Amma reallıq ondan ibarətdir ki, 50 ildən artıq davam edən danışıqlar və təmaslar fonunda Avropa İttifaqı Türkiyə ilə heç də səmimi davranmayıb. Bunun da səbəbləri var. Birincisi, məsələnin tarixi aspekti mövcuddur. XV əsrdən XIX əsrə qədər demək olar ki, Avropa Türkiyədən ehtiyat edib, onu dəfələrlə özü üçün təhlükə kimi qəbul edib. Burada söhbət Osmanlı İmperiyasından gedir. Digər tərəfdən, həmin tarixi sindrom Avropalıların düşüncə tərzində bu gün də müəyyən mənada qalmaqdadır".

Onun sözlərinə görə, Avropa prosesi bəhanələrlə uzadır: 

"Bu gün Türkiyənin çox böyük potensialı var və məhz bu baxımdan Avropa hələ də ehtiyat edir, bəzi məsələlərdə tərəddüd göstərir. Amma burada biz daha çox Avropanın oyunbaz siyasətinin şahidi oluruq. Çünki əgər Türkiyəni ittifaqa qəbul etmək niyyəti yox idisə, onda müxtəlif bəhanələr niyə irəli sürülürdü? Digər tərəfdən, daxili antipatiyalarını pərdələyərək guya hazır olduqlarını, guya bunu istədiklərini göstərirdilər. Türkiyənin cəmiyyəti, demokratik institutların fəaliyyəti, insan haqları və digər mövzular onların guya standart və kriteriyalarına uyğun sayılmırdı. Halbuki bunların hamısı, əslində, bu oyunbazlığın müxtəlif formaları idi".

O qeyd edib ki, Türkiyə Avropaya lazımdır:


"Danışıqlar ona görə aparılır ki, tərəflər öz mövqelərini açıqlasın və mövcud çatışmazlıqları birgə səylərlə aradan qaldırsınlar. Əgər Avropa həqiqətən Türkiyədə maraqlı idisə, bu maraq bu gün də qalır. Çünki Türkiyə strateji baxımdan olduqca mühüm mövqedə yerləşir, çox böyük bazardır və geniş istehsal imkanlarına malikdir. NATO faktoru və ordusunun qüdrətini bir kənara qoysaq belə, sırf iqtisadi və geoiqtisadi baxımdan Türkiyə Avropa üçün vacib tərəfdaşdır".

Politoloq vurğulayıb ki, Avropa dəyərləri müsəlman ölkələrinə qarşı seçici və manipulyativ şəkildə tətbiq olunur: 

"Bütün bunlar bir daha göstərir ki, insan haqları, vicdan azadlığı və oxşar mövzular Avropa və Qərb institutları üçün əsasən manipulyasiya alətləridir və bu alətlər daha çox müsəlman xalqlara münasibətdə istifadə olunur. Albaniyaya, Türkiyəyə, Azərbaycana, Avropa Parlamentindəki yanaşmalara, Bosniyaya münasibət buna bariz nümunədir. Bu faktlar onu göstərir ki, bu struktur mahiyyət etibarilə tarixən formalaşmış bir “xristian klubu” psixologiyasını qoruyur. Burada qısqanclıq, qəbul etməmək və üstünlük kompleksi açıq şəkildə hiss olunur. Eyni zamanda, yaxşı həyat və əlverişli imkanlar yalnız özləri üçün nəzərdə tutulur, Türkiyəyə isə bu imkanları rəva görmürlər".

Tofiq Abbasov, həmçinin qeyd edib ki, hazırkı mərhələdə mənim fikrimcə, Avropa İttifaqı Türkiyə ilə bağlı müəyyən yumşalma nümayiş etdirməlidir. Çünki Aİ-nin öz vəziyyəti də o qədər yaxşı deyil. Daxildə mərkəzdənqaçma meylləri güclənir, üzv ölkələrin cəmiyyətləri və siyasi elitaları artıq anlayırlar ki, ittifaq daxilində də ciddi ayrı-seçkilik mövcuddur. Yuxarıdan aşağı baxış, ikili standartlar və yekəxanalıq açıq şəkildə özünü göstərir. Macarıstan, Polşa, Slovakiya kimi ölkələrlə bağlı yaranan ziddiyyətlər buna sübutdur. 

Analitik bildirib ki, Aİ daxilində bəzi üzv ölkələrə qarşı ayrı-seçkilik və mərkəzin diktəsi açıq şəkildə hiss olunur:


"Doğrudur, Polşa Avropa İttifaqından ən çox faydalanan ölkələrdən biridir və xüsusilə ordu islahatlarını mərkəzi büdcə hesabına həyata keçirib. Amma buna baxmayaraq, Viktor Orban, Robert Fitsa kimi liderlər açıq şəkildə bildirirlər ki, kiminsə yedəyində getmək niyyətində deyillər. Əgər tam hüquqlu üzvdürlərsə, nəyə görə ikinci plana atılır, payları azaldılır? Miqrant kvotaları kimi məsələlərdə isə onların mövqeyi nəzərə alınmadan qərarlar qəbul edilir".

Ekspertin fikrincə, əgər bu həqiqətən sağlam ruhlu bir ittifaqdırsa və mərkəz bütün üzv ölkələrə eyni münasibət bəsləyirsə, bütün bunlar göstərir ki, ittifaq daxilində ciddi struktur problemləri mövcuddur.

O hesab edir ki, Avropadakı dərin böhran fonunda Türkiyənin bu yumşalmaya ehtiyacı sual altındadır: 

"Bu baxımdan Türkiyəyə müəyyən yumşalma nümayiş etdirilməsi mümkündür. Amma əsas sual budur: bu, Türkiyəyə lazımdırmı? Türkiyə NATO üzvüdür, lakin NATO-nun özü də hazırda daxili böhran yaşayır. Məncə, Qərbdə, xüsusilə Qərbi Avropada mövcud böhran təkcə geoiqtisadi və geosiyasi deyil, həm də mənəvi böhrandır. Onlar artıq öz daxili ziddiyyətləri ilə mübarizə aparır, vahid və ardıcıl siyasət formalaşdıra bilmirlər".

Politoloq sonda qeyd edib ki, bu şəraitdə Avropa İttifaqının özü tənəzzül yaşayırsa, Türkiyənin ora daxil olmaqla nə qazanacağı ciddi sual altındadır. Daha çox ehtimal olunur ki, öz problemlərini Türkiyənin üzərinə yükləməyə çalışacaqlar. Bu məsələdə son qərarı, təbii ki, Türkiyənin siyasi rəhbərliyi verməlidir. Amma cəmiyyət də bu prosesdə fəal iştirak etməlidir. Hətta zərurət yaranarsa, referendum keçirilməli və aydınlaşdırılmalıdır: Türkiyə üçün bu yol doğrudanmı lazımdır, yoxsa yox? 

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Politoloq,Avropa ,Türkiyə,Todaypress.tv,