Paşinyan-Kilsə qarşıdurması sülhə necə mane olur? - RƏY

Təhlil

09.01.2026 11:34

“Mən həm Erməni Apostol Kilsəsinin davamçısı kimi, həm də Ermənistanın baş naziri kimi də danışıram”. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 8-də jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, Erməni Apostol Kilsəsində “islahatlar”la bağlı Koordinasiya Şurasının yaradılması barədə bəyanatı yalnız baş nazir kimi deyil, eyni zamanda Ermənistan vətəndaşı kimi səsləndirib.

Maraqlıdır, Paşinyanın belə çıxışı nəyə hesablanıb və bunun kilsədəki islahat prosesinə və sonrakı hadisələrə təsiri necə olacaq?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi İlkin Məmmədkərimov bildirib ki, Paşinyanla Kilsə arasında gərginlik sülhə mane olur: 


"Məsələ burasındadır ki, Paşinyanla Kilsənin münasibətləri çox gərgindir. Kilsə istəyir ki, Paşinyan hökuməti getsin və onların maraqlarına uyğun şəxslər hakimiyyətə gəlsin. Təsadüfi deyil ki, ötən ilin avqust ayında, yəni Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarkən, Kilsə açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoydu. Onlar Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasını istəmirdilər".  

Analitik qeyd edib ki, Kilsənin düşüncəsinə görə, Türkiyə və Azərbaycan – ümumiyyətlə, “türk” dedikləri bütün qruplar – Ermənistan üçün təhlükədir. Onlar hesab edirlər ki, türklərin hədəfi Ermənistanı məhv etməkdir. Bu xarici siyasət baxışı səbəbindən də Kilsə Paşinyan hökumətinin siyasətini bəyənmir.

"Hesab edirəm ki, Kilsənin Paşinyana qarşı planları uğursuzluqla nəticələnəcək və Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalayacaq, Zəngəzur dəhlizi açılacaq".

Ekspert qeyd edib ki, Ermənistanda hakimiyyətdaxili fikir ayrılıqları sülh prosesinə təsir edir: 

"Prezidentlə Baş nazir arasında fikir ayrılıqları var. Qanunvericilik baxımından söz sahibi baş nazirdir, amma prezidentlə fikir ayrılığı hökumətin qərarvermə prosesinə təsir göstərir.

Bu baxımdan, Azərbaycanla münasibətlərin bərpası və sülhə doğru atılan addımlar bəzi dairələri və müxalifət partiyalarını ciddi narahat edir". 

Jalə Rövşən

TodayPress TV

tag: İlkin Məmmədkərimov,Politoloq,Paşinyan ,Kilsə,Todaypress.tv,