Neft məhsullarımız Ermənistana doğru: Sülhə sadiqliyin iqtisadi sübutu
Təhlil
08.01.2026 13:04
Bu gün - yanvarın 8-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Bəs Azərbaycandan Ermənistana yanacaq ixracı rəsmi Bakıya hansı strateji üstünlükləri verir?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Fuad Heydər bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi davam edir:

"Baş verən hadisələr, hətta cənab Prezidentin yerli televiziyalara verdiyi müsahibələrdə də qeyd olunan xüsusi nüanslarla yanaşı, Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Bu məsələlər bizim üçün böyük önəm daşıyır. Hətta bildirilmişdir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur".
Analitik qeyd edib ki, Azərbaycan iqtisadi və siyasi addımlarla sülhə sadiqliyini göstərir:
"Belə hallar Azərbaycanın Ermənistana dəstəyini və sülhə sadiqliyini göstərir. Azərbaycan burada yalnız neft və benzin satmaqla deyil, həmçinin yanacaq vasitələrinin ticarəti ilə də sülhə bağlılığını sübut edir. Biz danışılan bütün proseslərdə sadiqliyimizi nümayiş etdiririk və heç kəsə kin-küdurət göstərmirik. Bu proseslərin aparılması bizim üçün prioritetdir və maksimal şəkildə həyata keçirilməlidir. Çünki hər şey standartlara uyğun şəkildə təşkil olunmalıdır".
Ekspert vurğulayıb ki, Azərbaycan müharibədəki zəfəri və Prezidentin diplomatiyası ilə mövqeyini təsdiqləyir:

"Azərbaycan 30 illik münaqişədən sonra, 44 günlük Vətən müharibəsində qazandığı zəfər və göstərdiyi güc ilə öz mövqeyini təsdiqləyib. Bu proseslər bizim üçün çətin deyil, əksinə asandır. Ən başlıca səbəblərdən biri də odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatiyası həm Amerikada, həm də dünya ölkələrində tanınır və sözümüz imzamız qədər etibarlıdır”.
F.Heydər sonda əlavə edib ki, Azərbaycan sülhü şəffaf şəkildə qurur:
"Qeyd etmək istərdim ki, Azərbaycan Ermənistanla sülh proseslərini şəffaf şəkildə aparır və bu proseslərin davamlılığı təmin olunur. Azərbaycan dövləti sülh münaqişəsini heç bir halda pozmayacaq, təbii ki, qarşı tərəf ziddiyyət və problemlər yaratmadığı müddətdə. Bu proseslərin nəticəsində isə bütün lazımi tədbirlər görülür.Baş verən hadisələr, hətta cənab Prezidentin yerli televiziyalara verdiyi müsahibələrdə də qeyd olunan xüsusi nüanslarla yanaşı, Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Bu məsələlər bizim üçün böyük önəm daşıyır. Hətta bildirilmişdir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur".
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında neft məhsullarının tədarükü 2025-ci il dekabrın 18-də başlanıb və bu, uzun illər sonra ilk belə ticarət nəqliyyatıdır. Həmin vaxt SOCAR tərəfindən istehsal olunan 1 220–1 300 ton Aİ‑95 markalı benzin 22 vaqonla dəmiryolu ilə Azərbaycandan Ermənistana göndərilib və bu yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Bu ilk partiya iki ölkə arasında sülh gündəliyi çərçivəsində həyata keçirilən ilk iqtisadi əməliyyatlardan biridir.
Jalə Rövşən
tag: Fuad Heydər,Siyasi analitik,Neft,Ermənistan,Todaypress.tv,
