Kreml təhlükəsizliyi gücləndirir: ŞOK! Putinə SUİ-QƏSD iddiası yayıldı

Təhlil

07.01.2026 13:27

Rusiya KİV-lərinin məlumatına görə, Kreml ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Tədbirlərin görülmə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.  

Maraqlıdır, bu, nə ilə bağlı ola bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Rusiya Putinə sui‑qəsd cəhdini gündəmə gətirib:


“Ötən ilin sonunda Rusiya Xarici İşlər Naziri açıqlama verərək bildirdi ki, guya Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumu edilib və onun öldürülməsinə cəhd göstərilib. Rusiya bu iddianı geniş şəkildə gündəmə gətirdi, hətta ABŞ Prezidenti Donald Tramp da bu addımı pisləyən bəyanat verdi. Belə təəssürat yarandı ki, Rusiya Trampı Putinə qarşı real sui‑qəsd təhlükəsinin mövcud olduğuna inandıra bilib”.

Onun sözlərinə görə, bundan sonra Rusiya tərəfi sülh danışıqlarının davam etməsinin  mənasız olduğunu iddia etdi və Ukraynanı cavab tədbirləri ilə hədələdi. Həmin cavabın hələ verilmədiyi bildirilsə də, onun gözlənildiyi vurğulandı.

“Sonradan aparılan dəqiqləşdirmələr isə göstərdi ki, Rusiya bu hücumla bağlı məsələni şişirdib və ya uydurub. Ukraynanın Putinin iqamətgahına hücum etmək və onu öldürmək planı olmayıb. Bu barədə Tramp da sonradan açıq şəkildə danışıb”, - analitik qeyd edib.

Ekspertin qənaətincə, Kreml yaxşı qorunur, xəbərlər şişirdilib:


“Buna baxmayaraq, həm Rusiyada, həm də dünyada bir çox insan bu prosesləri diqqətlə izləyir. İlkin versiyanı gücləndirmək məqsədilə indi guya Kreml və onun ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı barədə məlumatlar yayılır. Halbuki Kreml və ətrafı onsuz da ciddi şəkildə qorunur və əlavə gücləndirməyə real ehtiyac yoxdur”.

A.Səmədovun fikrincə, Rusiya hücum iddialarını şişirdir: 

“Guya Novqorod bölgəsində Putinin iqamətgahına hücum edilibsə və onu orada öldürə  bilməyiblərsə, Kremldə bunu edə biləcəkləri fikri irəli sürülür. Bütün bu addımlar prosesi müşahidə edənləri çaşdırmağa yönəlib. Rusiya rəhbərliyinin yalan danışdığını isə prosesi yaxından izləyənlər yaxşı bilir. Buna baxmayaraq, bəzi böyük dövlətlər hələ də Ukraynanın Putini öldürməyə cəhd göstərdiyi versiyasını qəbul edir”.

Analitik son olaraq əlavə edib ki, Rusiya yalanları gücləndirərək Ukraynanı təzyiq altında saxlayır:

“Əsas məqsəd əvvəllər dövriyyəyə buraxılmış yalanı davam etdirmək, onu gücləndirmək və Ukraynanı təzyiq altında saxlamaqdır. Əslində isə bu iki dövlət arasında sülhə kimin daha çox mane olduğunu müəyyənləşdirmək istəsək, ilk növbədə Rusiyanın addımlarına baxmaq lazımdır. Mövcud vəziyyət Moskvanın bu istəklərini reallaşdırmaq üçün informasiya mühitindən istifadə etdiyini göstərir”.

 Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Putin,Kreml,Todaypress.tv,