İŞİD-i yenidən meydana çıxarırlar? “50 min terrorçu İrana yeridiləcək!”
Təhlil
13.04.2026 16:09
Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında geniş yayılan bir iddia var: ABŞ və İsrail təxminən 50 min İŞİD döyüşçüsünə və kürdlərə İrana girmək üçün missiya verəcək.
Bu, çox ciddi iddiadır. Bəs həqiqət payı nə qədərdir?
İŞİD terror qruplaşması 2014–2015-ci illərdə ən güclü vaxtında İraq və Suriyada böyük əraziləri ələ keçirmişdi. O vaxt təxminən 30–100 min döyüşçüsü var idi. Amma ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya (90-dan çox ölkə) və yerli qüvvələr onları məğlub etdi.
Hazırda BMT və ABŞ kəşfiyyat məlumatlarına görə, İraq və Suriyada İŞİD-in aktiv döyüşçülərinin sayı 1.500–10.000 arasındadır. 2019-cu ildə Suriyada təxminən 50 min İŞİD döyüşçüsü və ailə üzvləri düşərgələrdə saxlanılırdı, amma onlar artıq aktiv döyüşmürlər. Onların lazım olduğu məqamda meydana çıxacağı da istisna olunmur.
Maraqlıdır ki, ABŞ qüvvələri hələ də Suriyada İŞİD-ə qarşı əməliyyatlar keçirir. Məsələn, 2025–2026-cı illərdə 70-dən çox hədəfə zərbə endiriblər.
Bəzi mənbələr deyir ki, 50 min İŞİD döyüşçüsü sadəcə yoxdur. Onlar dağıdılıb, qalanları isə gizli şəkildə fəaliyyət göstərir.
Bəs ABŞ və İsrail İŞİD-ə “missiya” verə bilərmi?
ABŞ 2014-cü ildən başlayaraq Operation Inherent Resolve (Qəti Qələbə Əməliyyatı) adı ilə İŞİD-ə qarşı müharibə aparır. Minlərlə hava zərbəsi endirib, minlərlə əsgər göndərib.
İsrail də İŞİD-i düşmən sayır. İsrail rəsmiləri İŞİD-i “üçüncü dərəcəli təhlükə” adlandırır, amma əsas düşmənləri İrandır. Məlumata görə, İsrail İŞİD-ə heç vaxt dəstək verməyib.
İranda rəsmilər bəzən “ABŞ və İsrail İŞİD-i bizə qarşı göndərir” deyə bətanatlar verirlər. Məsələn, 2026-cı ilin yanvar ayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdürrəhim Musəvi açıqlama verib. O, ABŞ və İsraili ittiham edərək bildirib ki, bu ölkələr İŞİD üzvlərini (onları “muzdlu” adlandıraraq) İrana göndərib və ölkə daxilində mülki şəxslərə, eləcə də təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil ediblər. Musəvi bu iddiaları “12 günlük müharibə”dəki məğlubiyyətdən sonra atılan addım kimi qiymətləndirib. Amma bu, sübut olunmamış ittihamdır.
Bir qısa faktı da diqqətə çatdıraq ki, ABŞ və İsrail İŞİD-i məhv etmək üçün milyonlarla dollar xərcləyib. Onlara “missiya vermək” planı məntiqsiz səslənir.
Bəs kürdlərlə bağlı iddialar?
Kürdlər İŞİD-ə qarşı ən böyük qəhrəmanlıq göstərənlərdir:
İraq Kürdüstanı (Peshmerga): 2014-cü ildə İŞİD Mosulu ələ keçirəndə kürdlər ön xətdə dayanaraq Ərbil və Kərkükü qorudular. 1200-dən çox Peshmerga şəhid oldu, 5900-dən çoxu yaralandı. ABŞ isə onlara hava dəstəyi verdi.
Suriya kürdləri (YPG/SDF): 2014–2015-ci illərdə Kobani mühasirəsində İŞİD-i dayandırdılar. ABŞ-nin havadan dəstəyi ilə 17 min kvadrat kilometr ərazi azad etdilər. Bu zaman 3000-dən çox kürd döyüşçüsü şəhid oldu.
Kürdlər, demək olar ki, İŞİD-i məğlub etməkdə əsas yerli qüvvə oldular. Onlar ABŞ-nin ən yaxın müttəfiqi idilər. Suriyada SDF düşərgələrində minlərlə İŞİD döyüşçüsünü saxlayırdılar.
Kürdlər heç vaxt İŞİD-lə əməkdaşlıq etməyiblər. Əksinə, İŞİD kürdləri “kafir” adlandıraraq qətliamlar törədib. Bu, kürdlərin tarixində qəhrəmanlıq səhifəsidir.
Bəs bu iddialar niyə yayılıb?
Bu cür xəbərlər əsasən iddia xarakteri daşıyır. Məqsəd insanlar arasında qorxu yaratmaq və ya siyasi təbliğat aparmaq da ola bilər. Lakin siyasi arenada hər an hər şeyin dəyişə biləcəyini də unutmaq olmaz.
Jalə Rövşən
tag: ABŞ,İsrail,İŞİD,İran,Todaypress.tv,
