İranda etirazlar bu dəfə nəyi dəyişəcək? - Əziz Əlibəylinin ŞƏRHİ

Təhlil

07.01.2026 17:55

“Düşünmürəm ki, hazırda İranda baş verən etirazlar nəticəsiz qalıb. Məhsa Əmini hadisəsindən sonra baş verən proseslər göstərir ki, hələ 2–3 il əvvəl İranda baş örtüyü olmadan gəzmək qadınlar üçün ciddi təhlükə idi. Bu gün isə vəziyyət əvvəlki kimi deyil.”


Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən etirazlar nəticəsində İran hakimiyyətinin yanaşmalarında müəyyən dəyişikliklər müşahidə olunur:

“Etirazların təsiri ilə əxlaq polisinin fəaliyyəti xeyli dərəcədə gizli və məhdud xarakter aldı. Bu faktın özü göstərir ki, proseslər nəticəsiz deyil və hakimiyyət müəyyən korrektələrə getməyə məcbur olub”.

Ekspert bildirib ki, etirazlara baxmayaraq İran hakimiyyətinin bu qədər uzun müddət davam gətirməsinin səbəbləri də mövcuddur:

“İran cəmiyyəti monolit deyil, lakin ideolojidir. Cəmiyyət dindar olmaya bilər, amma ənənələrə bağlıdır. Vahid deyil, lakin zərurət yarandıqda vahid mövqe formalaşdırmaq üçün ideoloji əsaslar tapa bilir”.

Əziz Əlibəylinin fikrincə, əgər İsrail–İran qarşıdurması olmasaydı, daxili problemlər daha ciddi nəticələr doğura bilərdi:


“İnflyasiya, işsizlik, sanksiyaların yaratdığı sosial-iqtisadi çətinliklər, su qıtlığı və idarəetmə problemləri İran üçün ciddi təzyiq faktorları idi. Lakin İsrailin hücumu İran hakimiyyətini islahatlara məcbur etdi və baxışların dəyişməsinə səbəb oldu”.

Analitik qeyd edib ki, bu dəyişikliklər bu gün hakimiyyət daxilində səslənən tənqidi fikirlərdə də özünü göstərir:

“İran Prezidenti Məsud Pezeşkian hazırda insan haqları, idarəetmə, məmurların davranışı və iqtisadi qərarların qəbulu məsələlərində İran hakimiyyətini açıq şəkildə tənqid edir. Bu, artıq müəyyən dəyişikliklərin baş verdiyini göstərir”.

Ekspertin sözlərinə görə, dəyişikliklər mərhələli şəkildə baş verir:

“Qonşu ölkələrlə münasibətlərin dəyişməsi ikinci mərhələdə müşahidə olunur. Baş örtüyü və əxlaq polisi ilə bağlı məsələlər isə üçüncü mərhələdə gündəmə gəlir. Müharibənin yaratdığı psixoloji və siyasi təsirlər də bu prosesdə mühüm rol oynayır”.

Əziz Əlibəyli hesab edir ki, İsrailin hücumu olmasaydı, İran bu qədər dəyişməyə məcbur qalmazdı:

“Tarixdə bu cür dəyişikliklərin qarşısını alan çoxsaylı faktorlar olub. Hücumdan sonra İran öz tarixinə müraciət etdi, Daranın və Kirin tarixdəki rolunu yenidən ön plana çıxartdı. İranın imperial keçmişinə istinad edilməsi isə İran cəmiyyətinin müəyyən mənada hakimiyyət ətrafında birləşməsinə şərait yaratdı”.

Qeyd edək ki, İranda kütləvi etirazlar və ümumxalq tətil dalğası davam edir, artıq ölkənin əksər şəhərlərini əhatə edib. Etirazların 11-ci günündə belə, hakimiyyətin sərt repressiyalarına baxmayaraq, aksiyalara tələbələr, ticarət işçiləri və zavod işçiləri qoşulub.

Təbriz, Şiraz, Kermanşah, Kazvin və digər şəhərlərdə ticarətçilər, zavod və müəssisə işçiləri genişmiqyaslı tətil elan edərək iş yerlərini bağlayıblar və küçələrə çıxıblar. Etirazlar sürətlə sosial qruplar arasında yayılır və təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar davam edir.

Qiymət Mahir

TodayPress TV

tag: Əziz Əlibəyli,Ekspert,İran,Etirazlar,Todaypress.tv,