İran İsraili, İsrail rejimi silə bilmir: Onda bu qanlı oyun KİMƏ LAZIMDIR?

İran İsraili, İsrail rejimi silə bilmir: Onda bu qanlı oyun KİMƏ LAZIMDIR?
08.06.2026 18:12 Təhlil

Müasir beynəlxalq münasibətlər sistemində və Yaxın Şərq geosiyasətində İran-İsrail qarşıdurması qədər hərbi-strateji məntiqə sığmayan ikinci bir münaqişə tapmaq çətindir. 

Məsələn, əgər məqsəd İrandakı molla rejimini yıxmaqdırsa, illərdir edilən sanksiyalar, daxili qarışıqlıqlar və proksi qüvvələrin vurulması bu rejimi dəyişə bilmir. Əksinə, xarici təhlükə bəhanəsi ilə Tehran daxildəki narazı xalqı bir yerə toplamağa çalışır. Digər tərəfdən, əgər İranın məqsədi onilliklərdir qışqırdığı "İsraili yer üzündən silmək" şüarıdırsa, indiki hərbi güclə, xüsusən də Amerikanın İsrailə verdiyi böyük dəstək fonunda bu, sadəcə qeyri-mümkündür.

Yaxşı, heç bir tərəf öz son hədəfinə çata bilmirsə, onda bu davanın əsl mahiyyəti nədir?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, Əhməd Obalı İranla İsrail arasındakı ziddiyyətin 47 il əvvələ gedib çıxdığını izah edib:


“Ruhullah  Xomeyni İranda hakimiyyətə gəldiyi vaxtdan İsraillə düşmən olub. O zaman İran mollaları ilə Fələstin Azadlıq Təşkilatının yaxınlığına görə Xomeyni İsrailə qarşı düşmənçilik elan etdi. Ancaq çox qısa müddət sonra Fələstin Azadlıq Təşkilatı ilə İran arasında da ixtilaf yarandı, yəni Yasir Ərəfatla münasibətlər pozuldu. Ondan sonra İranla İsrail arasındakı, ən azı İran tərəfindən İsrailə qarşı olan ziddiyyət, heç olmasa şüarlar səviyyəsində bir qədər azalmışdı. Lakin sonradan bu yenidən davam etdi və artıq 47 ildir ki, onlar “Amerikaya ölüm olsun”, “İsrailə ölüm olsun” şüarları ilə fəaliyyətlərini davam etdirirlər”. 

Ə.Obalının sözlərinə görə, Xomeyni Fələstin Azadlıq Təşkilatına qarşı özünü bir növ borclu hesab edirdi:

“Digər tərəfdən, o hakimiyyətə gələndə çox yaxşı başa düşmüşdü ki, öz hakimiyyətini qorumaq üçün xarici düşmənə ehtiyac var. Buna görə də o, həmişə Amerika və İsraili, xüsusilə də İsraili düşmən kimi təqdim edir, onlara qarşı düşmənçiliyi körükləyirdi. İran-İraq müharibəsində də Səddam Hüseyn bir növ Xomeyninin köməyinə çatdı. Yəni İrana hücum, müəyyən mənada, Xomeyninin və onun hakimiyyətinin möhkəmlənməsinə kömək etdi.

Nəhayət, gəlib bu günə çatmışıq. İran rejimi hələ 1982-ci ildən etibarən “Hizbullah” təşkilatını yaratmaqla məşğul olub və proksi təşkilatlarının ən önəmlisi məhz “Hizbullah”dır. Son iki il ərzində İsrailin “Hizbullah”ın əl-qolunu qırdığını demək olar və İran bundan çox ciddi şəkildə narahatdır. İran nə “Hizbullah”ın özünü, nə də onun gücünü itirmək istəmir. İndi “Hizbullah”ın təkcə İsraillə problemi yoxdur, həm də Livan dövləti ilə münasibətlərdə ciddi məsələlər mövcuddur. Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlarda İsraillə Livan arasındakı anlaşmanın əsas şərti budur ki, İsrail Livana hücum etməsin, qarşılığında isə “Hizbullah” silahsızlaşdırılsın. Təbii ki, Livanın buna gücü çatmır. Guya Amerika, İsrail və Qərb bu prosesə kömək edəcək, ancaq İran bundan da çox narahatdır. Ona görə də məsələnin əsas tərəflərindən biri məhz “Hizbullah”dır”. 

Analitik İranın İsrailə dünənki hücumunun məhz “Hizbullah” amili ilə bağlı olduğunu ifadə edib:

“Bir müddətdir İsrail “Hizbullah”ı vururdu, İran isə buna cavab verə bilmirdi. Nəhayət, “Hizbullah” sıralarında ölənlərin bir hissəsi İranın “Qüds” qüvvələrindən və SEPAH üzvlərindən idi. Buna görə İran da bunu cavabsız qoymaq istəmirdi. Daxildə və tərəfdarları arasında nüfuzunu itirdiyini düşünürdü. Ona görə də həmin hücumu həyata keçirdi və qarşılığında çox ağır cavab aldı”.

Əhməd Obalı müharibənin yaxın zamanda çox böyük miqyasda genişlənəcəyini düşünmür:

“Çünki Amerika bunun genişlənməsini istəmir. Amma bitərmi? Bu da inandırıcı görünmür. Yəni münaqişə bir qədər zəifləyəcək, sonra yenidən alovlanacaq, daha sonra yenə səngiyəcək və bu proses davam edəcək.

İndi artıq İsraillə İran arasında raketlər atılıb. Bu, bir növ, qarşılıqlı hücum yolunun açılması deməkdir. Ona görə də belə görünür ki, İran “Hizbullah” vasitəsilə İsrailə zərbə vurmağa çalışacaq, İsrail isə “Hizbullah”ı hədəf almaqla İrana zərbə endirməyə davam edəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər