Çinlilər öldürüldü, Pekin HƏRƏKƏTƏ KEÇDİ: Tacikistan sərhədində nə baş verir?
Təhlil
18.03.2026 15:11
“Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bunun əsas səbəblərindən biri Əfqanıstan ərazisindən hər iki ölkəyə yönələn təhlükələrdir”.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Pekin Əfqanıstanda hakimiyyətdə olan “Taliban”la əməkdaşlıq etsə də, bu qüvvələrin ölkədəki müxtəlif silahlı qruplar üzərində tam nəzarəti yoxdur.
“Bu qruplar qonşu dövlətlər üçün risk yaradır. Bu səbəbdən Çin 2017–2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə məntəqəsi inşa edib və ümumilikdə ölkədə 15 hərbi və təhlükəsizlik obyektini maliyyələşdirib. Çin şirkəti “Huawei”nin avadanlıqları Tacikistanda simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir, paytaxtda “Təhlükəsiz şəhər” kamera sistemi isə Çin krediti hesabına qurulub”,- ekspert vurğulayıb.
Politoloq xatırladıb ki, Tacikistan parlamenti martın 4-də Çin tərəfindən maliyyələşdirilən, Əfqanıstanla sərhəd boyunca əlavə 9 obyektin tikintisini nəzərdə tutan layihəni təsdiqləyib:

“Təxminən 61 milyon dollar dəyərində olan layihə qrant əsasında həyata keçiriləcək və vergilərdən azad ediləcək. Tikinti işləri üç mərhələdə aparılacaq, müşahidə məntəqələri, qərargahlar və infrastruktur təminatı (yollar, su və elektrik) daxil olmaqla geniş sahəni əhatə edəcək”.
Ekspert hesab edir ki, bu addımlar bölgədə artan gərginliklə bağlıdır:
“2025-ci ilin noyabrında pilotsuz uçuş aparatı ilə Xatlon vilayətində Çin şirkətinə məxsus əraziyə hücum nəticəsində üç Çin vətəndaşı həlak olub. Tacikistan bu hücumların Əfqanıstanın Bədəxşan əyalətindən qaynaqlandığını bildirib. Hadisədən sonra sərhəd təhlükəsizliyinin gücləndirilməsi qərarı verilib”.
Analitik diqqətə çatdırıb ki, hücumlara görə məsuliyyəti heç bir qrup üzərinə götürməsə də, ekspertlər bunun arxasında İŞİD-in Xorasan qolunun olduğunu ehtimal edirlər.
Elxan Şahinoğlu sonda qeyd edib ki, Əfqanıstan mənşəli təhdidlər Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi üçün də risk yaradır:
“Çin Tacikistanın ən böyük investorudur və ölkənin Çinə borcu 800 milyon dolları keçib. Buna baxmayaraq, Pekin investisiyalarını davam etdirir. Tacikistanın uzun Əfqanıstan sərhədi və Çinin Sincan bölgəsinə yaxınlığı onu mühüm təhlükəsizlik buferinə çevirir. Bu kontekstdə Vaxan dəhlizi də potensial risk zonası kimi qiymətləndirilir”.
Politoloq vurğulayıb ki, Çin bu sahədə Rusiya ilə rəqabət aparmır.
“Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və ölkədə Rusiya hərbi bazası yerləşir. Tacikistanın hərbi tələbatının böyük hissəsi Rusiyadan təmin olunur. Buna görə də Çinin sərhəd təhlükəsizliyinə töhfəsi Moskvanın da maraqları ilə üst-üstə düşür”, - ekspert fikrini sonlandırıb.
Jalə Rövşən
tag: Elxan Şahinoğlu,Politoloq,Pekin,Tacikistan,Todaypress.tv,
