Balanslı siyasətin qələbəsi: Azərbaycanın D-8 uğuru!
Təhlil
06.01.2026 13:41
“D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir”.

Bunu Prezident İlham Əliyev yanvarın 5-də jurnalistlərə müsahibəsində deyib.
Maraqlıdır, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın diplomatik mövqelərinin güclənməsinə hansı praktiki imkanlar yarada bilər?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, D-8-də Azərbaycanın təmsilçiliyi ölkənin diplomatik, siyasi, iqtisadi və regional mövqelərini gücləndirir:

"D-8 təşkilatında Azərbaycanın təmsilçiliyi onun mövqelərini həm diplomatik, həm siyasi, həm iqtisadi, həm coğrafi və digər sahələrdə gücləndirən bir məqamdır. Nəzərə alaq ki, burada Pakistan, Banqladeş, İndoneziya, Misir kimi Asiyanın və müsəlman dünyasının güclü dövlətləri təmsil olunurlar".

Analitik qeyd edib ki, D-8 Azərbaycanın Qlobal Cənub və beynəlxalq platformalarda nüfuzunu artırır:
"Ümumiyyətlə, Qlobal Cənub platformasında D-8 çox nüfuzlu və aparıcı bir mövqeyə malikdir və Azərbaycanın bu təşkilatda təmsilçiliyi onun Qlobal Cənub platformasında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və BMT-də daha nüfuzlu yerlərdə təmsil olunmasına və öz maraqlarını fəal şəkildə müdafiə etməsinə gətirib çıxaran mühüm bir platformadır".
Güclü təşkilatlar və müttəfiqlərlə əməkdaşlıq Azərbaycan üçün strateji müdafiə və inkişaf imkanları yaradır:
"Müşahidə edirik ki, narahat dünyamızda, hüququn deyil, güclünün hakim olduğu bir dünyada baş verənləri yalnız təkbaşına izləmək və bu məsələlərə qarşı durmaq çətindir. Bu səbəbdən, güclü təşkilatlarla və müttəfiqlərlə birgə Azərbaycan öz hüquqlarını, azad olunmuş torpaqların bərpası məsələsi, Qarabağ məsələsi, Azərbaycanın gələcək hədəfləri, iqtisadi inkişaf və digər sahələrdə ciddi şəkildə müdafiə edə bilər. Bu, hazırkı dövrdə çox önəmlidir".

Onun sözlərinə görə, Orta Dəhliz və enerji təhlükəsizliyi, nəqliyyat-logistika məsələlərində də D-8 təşkilatının və üzvlərinin imkanlarından geniş şəkildə yararlanmaq mümkündür. Hazırda Azərbaycan bu istiqamətdə ciddi addımlar atır, layihələr həyata keçirir və çalışmaları davam etdirir. Zəngəzur dəhlizi məsələsi və digər praktik istiqamətlərdə D-8 təşkilatının və üzvlərinin ciddi dəstəyi ola bilər.
Ekspert hesab edir ki, D-8 Azərbaycanın siyasətinə və sabitliyə dəstək verir:
"Eyni zamanda, balanslı siyasətimizə D-8 böyük təsir göstərə bilər. Azərbaycan yalnız Qərb mərkəzləri və təşkilatları ilə deyil, alternativ qurumlarla və digər təşkilatlarla da əməkdaşlıq edir. Bu da göstərir ki, Azərbaycan üçün prioritet öz maraqlarını qorumaq, regionda və dünyada sülh və sabitliyi təmin etməkdir. Bu istiqamətdə D-8 platforması mühüm rol oynaya və dəstək qazandıra bilər”.

Xatırladaq ki, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirədə keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçilib.
Jalə Rövşən
tag: Mübariz Göyüşlü,Siyasi şərhçi,Azərbaycan,D8,Todaypress.tv,
