Azərbaycanın Yaxın Şərqdəki "soyuqqanlı" diplomatiyası: "Öz taleyinə buraxılmaq" təcrübəsi

Təhlil

06.01.2026 17:11

“Dostlardan dəstək görməmək Azərbaycan siyasətini praqmatik fakt əsaslı xəttə yönəldib”.  

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu bunu TodayPress TV-yə danışarkən bildirib.


“Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Azərbaycanın tarixinin ən çətin dövrlərində bir çox beynəlxalq aktorlardan, o cümlədən bəzi dost və tərəfdaş sayılan ölkələrdən real və praktik dəstək görməyib. Bu təcrübə Azərbaycanın xarici siyasətində illüziyalar deyil, faktlar və qarşılıqlı məsuliyyət prinsipinə əsaslanan münasibətlər sisteminin formalaşmasına səbəb olub”.  

Analitik qeyd edib ki, Azərbaycan Fələstini davamlı və prinsiplərə əsaslanan şəkildə dəstəkləyir: 

"Bu kontekstdə Azərbaycanın Fələstin məsələsinə münasibəti xüsusi diqqət çəkir. Azərbaycan, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə əsaslanaraq, Fələstin dövlətinin yaradılmasını ardıcıl şəkildə dəstəkləyib. Bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmayıb, həm də institusional xarakter daşıyır. Fələstinin Azərbaycanda səfirliyinin fəaliyyət göstərməsi və onun maliyyə baxımından dəstəklənməsi Bakının mövqeyinin səmimiliyini və davamlılığını göstərir. Eyni zamanda Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, bu dəstək birtərəfli emosional bağlılıqdan deyil, Azərbaycanın beynəlxalq sistemdə ədalət və legitimlik anlayışına verdiyi önəmdən irəli gəlir".

Ekspert qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə balanslı və etibarlı siyasət yürüdür: 

"Bununla yanaşı, bu mövqe Azərbaycanın regional balans siyasətinin tərkib hissəsidir. Azərbaycan Yaxın Şərqdə bir tərəfin maraqlarını digərinin hesabına müdafiə edən ölkə kimi çıxış etmir. Fələstin məsələsində prinsipial mövqe sərgiləməklə yanaşı, İsrail də daxil olmaqla regionun digər mühüm aktorları ilə münasibətləri qoruyub saxlayır. Bu, Azərbaycanın özünü Yaxın Şərqdə etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi təqdim etməsinə imkan yaradır və milli təhlükəsizlik maraqlarının qorunmasına xidmət edir".

V.Zifəroğlu hesab edir ki, prezidentin “ərəb ölkələrinin məsələlərini ərəb dövlətləri həll etməlidir” fikri Azərbaycanın xarici siyasətində qarışmama və suverenliyə hörmət prinsipinin açıq ifadəsidir. Bu yanaşma Azərbaycanın digər regionların daxili siyasi və təhlükəsizlik problemlərində birbaşa tərəf olmaqdan məqsədli şəkildə uzaq durduğunu göstərir. Bakı bu məsələlərdə beynəlxalq hüquqa əsaslanan mövqe tutur, humanitar və diplomatik dəstəyi mümkün sayır, lakin məsuliyyət və qərarvermə yükünü region ölkələrinin üzərinə buraxır.

Analitik sonda vurğulayıb ki, Azərbaycan milli maraqlarını qlobal səviyyədə uğurla təmin edir:  

"Nəticə etibarilə, Prezident İlham Əliyevin bu açıqlamaları Azərbaycanın Yaxın Şərq siyasətində realist, balanslaşdırılmış və milli maraqlara söykənən diplomatik xətt izlədiyini təsdiqləyir. Azərbaycan, beynəlxalq platformalarda prinsipial mövqe sərgiləyən, regional qarşıdurmalarda məsuliyyətli məsafə saxlayan və dövlət maraqlarını qorumağı prioritet hesab edən xarici siyasət modelini davam etdirir. Bu yanaşma Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı aktor kimi mövqeyini möhkəmləndirir".

Jalə Rövşən

TodayPress TV

tag: Vüqar Zifəroğlu,Sədr Müavini,Azərbaycan,Diplomatiya,Todaypress.tv,