Arktika Silahlanır: NATO Trampın qarşısını ala biləcək?
Təhlil
09.01.2026 17:22
NATO-ya üzv ölkələrin səfirləri Arktika zonasında müdafiə büdcəsinin artırılması, əlavə hərbi qüvvə və avadanlıqların yerləşdirilməsi, həmçinin təlimlərin intensivləşdirilməsi barədə təkliflər irəli sürüblər. Əsas məqsəd regionun yetərincə müdafiə olunduğunu Trampa sübut etmək və beləliklə, mümkün müdaxilənin qarşısını almaqdır.
Bəs NATO ABŞ-nin bölgəyə mümkün müdaxiləsinin qarşısını ala bilərmi?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Elmir Səftərov bildirib ki, NATO Arktikada xüsusilə strateji bölgələri diqqətdə saxlayır:

"NATO-ya üzv ölkələrin Arktika zonasındakı fəaliyyətlərinin artması, təlimlərin keçirilməsi və əlavə hərbi qüvvə ilə texnikanın yerləşdirilməsi göstərir ki, bu ərazilər NATO-nun təsir və nəzarət mexanizminə tam olmasa da, böyük ölçüdə daxildir. Alyans bununla mesaj verir ki, strateji əhəmiyyətli bölgələr diqqət mərkəzindədir və istənilən təhdid qarşısında cavab tədbirləri görüləcək".
Analitik xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Avropaya öz müdafiəsini gücləndirməyi tövsiyə edib:
"Digər bir məqam isə ondan ibarətdir ki, Donald Tramp ikinci dəfə prezident olduqdan sonra ABŞ-nin Avropaya verdiyi hərbi və maliyyə dəstəyi bəzi sahələrdə məhdudlaşıb. Tramp Avropaya mesaj verib ki, NATO-ya üzv ölkələr öz təhlükəsizliklərini daha çox özləri təmin etməlidirlər. Bu isə Avropa ölkələrinin birgə fəaliyyət göstərməsinə, hərbi təlimləri gücləndirməsinə və islahatlara başlamasına səbəb olub".
Onun sözlərinə görə, aydındır ki, NATO ölkələrinin Arktikadakı imkanları reallıqdır və onlar həm geosiyasi rəqabəti, həm də regiondakı dəniz marşrutlarını və enerji resurslarını yaxından izləyirlər.
"Bəllidir ki, ABŞ, Rusiya və Çinin bu bölgədə maraqları yüksəkdir. NATO bu mərhələdə bütün təhdidləri tam aradan qaldıra bilməsə də, atılan addımlar riskləri məhdudlaşdıra və geosiyasi balansın qorunmasına kömək edə bilər",- ekspert deyib.
E.Səftərov, həmçinin əlavə edib ki, buna görə də NATO ölkələri bölgəni qorumaq üçün daim fəaliyyət göstərir və hazırlıqlarını davam etdirirlər.
Qeyd edək ki, Son dövrlər ABŞ Prezidenti Donald Trampın Qrenlandiya və Kanadanı ABŞ-yə birləşdirmək çağırışı ciddi mübahisələrə səbəb olub.
Jalə Rövşən
tag: Elmir Səftərov,Siyasi şərhçi,NATO,Arktika,Todaypress.tv,
