ABŞ-İran Böhranı: Vaşinqton nə istəyir? – Nəzarət, yoxsa...

Təhlil

16.12.2025 12:24

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqton İran ətrafında yaranmış böhranın həllində maraqlıdır. Onun sözlərinə görə, Moskva ABŞ-yə vəziyyətin normallaşdırılması ilə bağlı öz yanaşmalarını təqdim edib və bu prosesdə yardım göstərməyə hazırdır. Lavrov əlavə edib ki, Rusiya İranın AEBA və Qərblə münasibətlərdə böhranın aradan qaldırılması istiqamətində səylərini dəstəkləyir və bu mövzu yaxın günlərdə İran XİN rəhbəri Abbas Əraqçi ilə keçiriləcək görüşdə müzakirə olunacaq.  

Bəs Vaşinqton İran böhranının həllində maraqlıdır?  Bu proses Əraqçinin səfəri fonunda hansı istiqamətdə inkişaf edə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ tam eskalasiyada maraqlı deyil: 


"ABŞ İranla gərginliyin davam etməsində birmənalı şəkildə maraqlı deyil. Bu, daha çox enerji maraqları və güc balansı ilə bağlı məsələdir. İranla bağlı təhlükəni regionda ən açıq şəkildə İsrail görür. Tel-Əviv dəfələrlə bildirib ki, İranın nüvə silahı əldə etməsi onun regional mövcudluğunu birbaşa təhdid edir. Məhz buna görə də İsrail Qərbi və xüsusilə ABŞ-ni İrana qarşı daha sərt mövqeyə sövq etməyə çalışıb".

Analitik qeyd edib ki, ABŞ üçün İranla total müharibə sərfəli deyil:

"12 günlük gərginlik dövründə İran müəyyən real təhlükələrlə üzləşdi. Lakin buna baxmayaraq, ABŞ İrana qarşı tammiqyaslı hərbi əməliyyatlara getmədi. İndi əsas sual budur: ABŞ İranla gərginlikdə maraqlıdırmı? Əgər söhbət total müharibədən və ya İranın işğalından gedirsə, cavab qəti şəkildə xeyrdir. Bu, ABŞ üçün son dərəcə bahalı bir müharibə olardı. Üstəlik, İran qapalı, ideoloji və dini struktura malik ölkədir və belə bir vəziyyətdə sərt, uzunmüddətli müdafiə müharibəsi aparardı. Bu isə qarşıdurmanı daha dağıdıcı hala gətirərdi".

T.Rzayev vurğulayıb ki, ABŞ rejimi devirməkdən çox onu nəzarətdə saxlamaq istəyir:


"Digər tərəfdən, ABŞ İranın zəifləməsində maraqlıdır. Lakin bu, rejimin tam devrilməsi anlamına gəlmir. Mövcud İran rejiminin öz xarici siyasət kursu var və rəsmi şəkildə ABŞ-ni düşmən elan edib. Buna baxmayaraq, Vaşinqton anlayır ki, indiki rejimlə müəyyən çərçivədə işləmək mümkündür və əsas məsələ rejimin davranışlarını nəzarətdə saxlamaqdır".

Onun fikrincə, İsrail məsələyə fərqli yanaşır. Tel-Əviv üçün təkcə İranın zəifləməsi kifayət deyil. Onların baxışına görə, həm rejim dəyişməli, həm İran parçalanmalı, həm də ölkədə formalaşacaq yeni siyasi düzən Qərb–ABŞ–İsrail xətti üzrə qurulmalıdır.

Politoloq sonda əlavə edib ki, Tehran üçün ən real çıxış Vaşinqtonla anlaşmaqdır: 

"Bu baxımdan Tel-Əvivlə Vaşinqton arasında İran məsələsində ciddi fikir ayrılıqları mövcuddur. Bununla belə, ABŞ ilə İran arasında müəyyən mərhələlərdə razılaşmalar əldə olunub və enerji təhlükəsizliyi məsələləri də bu prosesdə rol oynayıb. Mövcud vəziyyət göstərir ki, İran üçün çıxış yolu Vaşinqtonla müəyyən anlaşmalara getməkdir. Əks halda, gərginliyin davamı daha ciddi və nəzarətdən çıxan fəsadlara yol aça bilər". 

Jalə Rövşən

TodayPress TV

tag: Turan Rzayev,Politoloq,ABŞ,İran,Todaypress.tv,