Saxta alkoqollu içkiləri necə tanıya bilərik? - Mütəxəssis açıqladı

Sosial

12.11.2025 15:29

Ölkə ərazisində aparılan monitorinqlər zamanı bəzi mağazalarda spirtli içkilərdə saxtalaşdırma əlamətləri müəyyən edilir.

Saxta olduğu müəyyən edilən içkilərin satışı dərhal dayandırılır, məhsullar saxlanmaya götürülür.

Bəs alıcılar saxta içkiləri necə tanıya bilər?

Mövzu ilə bağlı şərabçı, professor Vüqar Mikayılov TodayPress TV-yə bildirib ki, “saxta içki” anlayışı bəzən səhv başa düşülür və bu, məhsulun mütləq keyfiyyətsiz və ya insan sağlamlığı üçün təhlükəli olması demək deyil.


Onun sözlərinə görə, belə halların əsas səbəbi adətən içkilərin üzərinə saxta aksiz markalarının vurulması ilə bağlı olur:

"Saxta içki dedikdə, əksər hallarda içkinin tərkibində problem olmur. Məsələ ondadır ki, bu içkilərin bir çoxunda aksiz markaları saxta olur. Yəni məhsul qanuni aksizlə deyil, saxta aksizlərlə satışa çıxarılır. Belə vəziyyətdə mağazanı işlədən şəxslər belə bunu müəyyən edə bilmirlər. Çünki hər bir içkinin üzərində aksiz markası var və onun saxta olub-olmadığını adi yolla anlamaq mümkün deyil. Bunu yalnız vergi orqanlarında mövcud olan xüsusi cihazlar vasitəsilə yoxlamaq olar".

Professor vurğulayıb ki, mağazalara saxta məhsulların daxil olmasının qarşısını almağın ən effektiv yolu elektron qaimə sistemindən istifadədir:

"Saxta malların dövriyyəsinin qarşısını almaq üçün mağazalardakı bütün məhsullar elektron qaimələrlə sənədləşdirilməlidir. Elektron qaimənin olmaması saxta malların satışına şərait yaradır".

Vüqar Mikayılov qeyd edib ki, alıcılar da diqqətli davranmalı, yalnız rəsmi satış məntəqələrindən alkoqollu içkilər almalı və şübhəli məhsul gördükdə dərhal aidiyyəti qurumlara məlumat verməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İçki,Saxta,Alkoqol,Aksiz,Todaypress.tv,