Yanacaq qiymətlərini endirmək üçün bu addımı atdı – Azərbaycanda da tətbiq oluna bilər?

Yanacaq qiymətlərini endirmək üçün bu addımı atdı – Azərbaycanda da tətbiq oluna bilər?
06.10.2026 13:49 İqtisadiyyat

ABŞ administrasiyası ölkə daxilində yanacaq qiymətlərini endirmək və bazardakı təzyiqi yumşaltmaq məqsədilə strateji addım atıb. Yeni qərara əsasən, normal şəraitdə yol nəqliyyatında istifadəsi qadağan olunan, vergidən azad edilmiş “qırmızı dizel” yanacağının müvəqqəti olaraq ümumi istifadəsinə icazə verilib.

Məsələnin mahiyyəti və bu addımın mexanizmi haqqında TodayPress TV-yə danışan neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, söhbət yeni yanacaq növünün kəşfindən deyil, mövcud vergi rejiminin müvəqqəti dəyişdirilməsindən gedir.

Onun sözlərinə görə, burada incə məqam var: 

"ABŞ "qırmızı dizeli" yeni yanacaq növü kimi tətbiq etmir; söhbət onsuz da mövcud olan, vergidən azad edilmiş dizelin yol nəqliyyatında müvəqqəti istifadəsinə icazə verilməsindən gedir. "Qırmızı dizel" fiziki və kimyəvi tərkibinə görə avtomobillərə vurulan standart dizeldən heç nə ilə fərqlənmir. Əsas fərq onun markalanmasında və vergi statusundadır. ABŞ-də qırmızı dizel adi dizel yanacağının kimyəvi baxımdan mahiyyətcə eyni növüdür. Fərq onun qırmızı boya ilə işarələnməsi və vergi rejimindədir. Bu yanacaq ABŞ-də kənd təsərrüfatı texnikasında, tikinti texnikasında, mədən və sənaye avadanlıqlarında istifadə olunur. Qırmızı rəng yanacağın vergidən azad olduğunu və yol nəqliyyatında istifadəsinin normal halda qadağan edildiyini nəzarət orqanlarına göstərmək üçündür".

Ekspert əlavə edib ki, verilən bu qərar bilavasitə istehlakçıların cibinə təsir etmək xarakteri daşıyır:

"Bu addımın məqsədi yanacağın fiziki qiymətini yox, vergi hesabına son istehlakçı üçün qiyməti aşağı salmaqdır", - deyə o, fikrini tamamlayıb.

Bəs bu, Azərbaycanda tətbiq oluna bilərmi?

Ekspertlərin fikrincə, ABŞ-nin bu təcrübəsi birbaşa vergi güzəştlərinə əsaslanır. Azərbaycanda kənd təsərrüfatı sektoru üçün dizel yanacağına dövlət tərəfindən artıq müxtəlif subsidiyalar ayrılır. Lakin qida təhlükəsizliyi, daşınma xərclərinin azaldılması və ya logistika zəncirində qiymət artımının qarşısını almaq üçün oxşar vergi, fərqləndirmə mexanizmlərinin tətbiqi baş tuta bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər