Gələn ilin böhran proqnozu verildi: Azərbaycan iqtisadiyyatını nə gözləyir?

İqtisadiyyat

03.12.2025 17:06

Dünya iqtisadiyyatı sürətlə artan dövlət borcları, pandemiya sonrası pul kütləsi, yüksək faizlər və zəifləyən sənaye səbəbilə 2026–2027-ci illərdə ciddi böhran riski ilə üz-üzədir. Qlobal borc rekord həddə – 338 trilyon dollara çatıb, iflaslar isə xüsusən Asiya və Avropada kəskin artır. Neftə tələbin azalacağı və qiymətlərin 30–60 dollar aralığına düşəcəyi proqnozlaşdırılır. ABŞ-nin Rusiyanın enerji gəlirlərini azaltmaq üçün Səudiyyə Ərəbistanına təzyiqi prosesin siyasi ölçüsünü də dərinləşdirir. 

Bəs Azərbaycan üçün real risk varmı və varsa, bu, nə dərəcədə hiss olunacaq? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, qlobal proseslər Azərbaycanın büdcəsini əsasən neftin ucuzlaşması yolu ilə təzyiq altında saxlayır: 


"Qlobal iqtisadiyyatda baş verən proseslər, təbii ki, qlobal investisiya mühiti və ölkələr üçün ciddi təhdidlər yaradır. Bu təzyiqlərdən Azərbaycan da təsirlənir və təsir ilk növbədə neft qiymətlərinin enməsi şəklində özünü göstərir. Neftin ucuzlaşması büdcə daxilolmalarına mənfi təsir edir ki, bu da arzuolunan hal deyil".

Ekspert hesab edir ki, neftin qiyməti yaxın illərdə kəskin düşməyəcək və büdcə üçün ciddi risk gözlənilmir: 

"Bununla belə, qarşıdakı bir neçə il ərzində neft qiymətlərinin təhlükəli dərəcədə azalacağını gözləmirəm. Cari vəziyyət büdcə gəlirlərinə müəyyən mənfi təsir göstərsə də, büdcənin icrası baxımından ciddi bir risk görünmür. 2026-cı ildə olduğu kimi, 2027–2028-ci illərdə də neft qiymətinin təxminən 60 dollar ətrafında olacağı, bəzən bir qədər aşağı düşsə də, 50 dolların altına enməyəcəyi ehtimal edilir".

Eldəniz Əmirov sonda əlavə edib ki, belə şəraitdə büdcənin icrasında problem gözlənilmir. 

“Hətta 2027-ci ilin büdcəsi hazırlanarkən transfertlərin həcminin müəyyən qədər artırılması da mümkün ola bilər. Amma bütün hallarda manat üzərində təzyiqin onun taleyi ilə bağlı qeyri-müəyyənlik yaratmasını düşünmürəm”.

Jalə Rövşən

TodayPress TV

tag: Azərbaycan,İqtisadiyyat,Borc,Qlobal,Todaypress.tv,