"Galaxy S26 Ultra"da boya problemi iddiası

İqtisadiyyat

20.03.2026 19:15

"Samsung" şirkətinin flaqman modeli "Samsung Galaxy S26 Ultra" ilə bağlı istifadəçi şikayəti yayılıb.

TodayPress TV xəbər verir ki, cihazı alan şəxs cəmi iki həftə sonra telefonun boyasının soyulduğunu bildirib.

İstifadəçinin sözlərinə görə, zədə aşağı dinamikin yaxınlığında yaranıb və telefon heç bir zərbəyə məruz qalmayıb. O, cihazı şarj edərkən "Nothing" şirkətinin, xüsusilə CMF seriyasına aid adapterindən istifadə etdiyini qeyd edib.

Məlumatda bildirilir ki, oxşar hallar əvvəllər də "Samsung" cihazlarında müşahidə olunub. Xüsusilə "Samsung Galaxy Watch Ultra" və "Samsung Galaxy Z Fold 7" modellərində örtük problemləri ilə bağlı şikayətlər olub. Şirkət həmin hallarda orijinal olmayan şarj cihazlarının anodlaşdırılmış örtüyə zərər verə biləcəyini açıqlamışdı.

İstehsalçıya görə, problem üçüncü tərəf aksesuarlarının düzgün torpaqlanmaması ilə bağlı ola bilər. Bu isə boya qatının altında mikrokorroziyaya səbəb olaraq sonradan soyulmaya gətirib çıxara bilər.

Hazırkı hadisənin isə hələlik nadir hal olduğu və geniş yayılmış problem kimi qiymətləndirilmədiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Samsung,Galaxy,Boya,Cihaz,Todaypress.tv,