Azərbaycanın valyuta ehtiyatları 83.6 milyard dollara çatıb

İqtisadiyyat

02.01.2026 12:14

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan valyuta ehtiyatlarının tarixi rekord həddə çatdığını- 80 milyard dollardan artıq olduğunu bildirdi"

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, Azərbaycan dünyada valyuta ehtiyatlarının ümumidaxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələrdəndir. Hazırda Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-dən 8 faiz çoxdur. 

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 83,6 milyard dollara çataraq ÜDM-lə müqayisədə bir çox ölkələri qabaqlayıb:

"2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyluşunu artıran Neft Fodunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır.

Əksər dövlətlərdə hələ də valyuta ehtiyatları ÜDM-in kiçik hissəsini təşkil etməkdədir. Müqayisə üçün qeyd edək ki, bu nisbət Sinqapurda 66, Rusiyada 17, Braziliyada 14, Çində 6.2 faizdir. Avropa ölkələrində isə ümumiyyətlə bu nisbət aşağıdır. Məsələn, Almaniyada bu göstərici cəmi 0.7 faizdir".

Parlamentari vurğulayıb ki, iqtisadiyyatı böyük olan sənaye dövlətlərində ÜDM-in həcmi bu nisbətə təsir göstərsə də, “orta güc” dövlətləri üçün valyuta ehtiyatlarının həcmi olduqca əhəmiyyətlidir.

"Bu iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir"-,V.Bayramov qeyd edib. 

Jalə Rövşən

TodayPress TV

tag: Vüqar Bayramov ,İlham Əliyev,İqtisadiyyat ,ÜDM,Todaypress.tv,