Tarixi seriya davam edir: Lebron 22-ci dəfə Ulduzlar Matçında

İdman

02.02.2026 10:11

“Los-Anceles Leykers” klubunun hücumçusu və liderlərindən biri olan Lebron Ceyms 2026-cı il ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) Ulduzlar Matçına seçilməsi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, mövsümün əvvəlində bir sıra oyunları buraxmasından sonra ardıcıl Ulduzlar Matçı seriyasının qırılıb-qırılmayacağı barədə sual cavablandırılıb. 

Lebron bu barədə düşünmədiyini bildirib: 

“Düzünü desəm, bu haqda heç düşünmürdüm. Məqsədim 14 oyunu buraxdıqdan sonra qayıdıb mütləq Ulduzlar Matçına düşmək deyildi. Mən sadəcə meydançaya qayıtmaq və yenidən ən yaxşı oyunumu göstərmək istəyirdim. Əvvəlcə buraxılmış məşqlər və mövsümöncəsi hazırlıqdan sonra yaranan oyun pauzasını aradan qaldırmalı idim. Bu, karyeram ərzində heç vaxt baş verməmişdi. Ona görə də həmin vaxt Ulduzlar Matçı haqda düşünmürdüm. Mənim üçün əsas məsələ öz səviyyəmə qayıtmaq idi”. 

Qeyd edək ki, Lebron Ceymsin 2005-ci ildən davam edən 22 ardıcıl Ulduzlar Matçı seriyası NBA tarixində mütləq rekorddur. O, 22 seçimdən 20-də start beşliyində yer alıb.

Namiq HUN

TodayPress TV 

tag: Lebron,“Los-Anceles Leykers”,ABŞ Milli Basketbol Assosiasiyası,Ulduzlar Matçı,Todaypress.tv,