Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında!
“Beşiktaş” yeni baş məşqçisini müəyyənləşdirib. İstanbul təmsilçisi italiyalı mütəxəssis Vinçenzo İtaliano ilə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, klub 48 yaşlı çalışdırıcının bu gün İstanbula gələcəyini açıqlayıb.
“Qara qartallar”ın yaydığı məlumata görə, Vinçenzo Italianonu daşıyan təyyarənin bu gün saat 16:00 radələrində İstanbuldakı Atatürk Hava Limanının Baş Aviasiya Terminalına enməsi gözlənilir.
Ən son “Bolonya”nı çalışdıran İtaliano klubun tarixində mühüm uğura imza atıb. Onun rəhbərliyi altında komanda 51 ildən sonra ilk dəfə İtaliya Kubokunu qazanıb. Finalda isə “Milan” məğlub edilib.
İtaliya mətbuatının məlumatına görə, “Beşiktaş” italiyalı mütəxəssislə iki illik müqavilə imzalayıb. Jurnalist Canluka Di Marzionun iddiasına əsasən, məşqçinin illik maaşı 6 milyon avro, onun məşqçilər korpusunun qazancı isə illik 2,5 milyon avro olacaq.
Mayın 28-də “Bolonya” ilə yollarını ayıran İtalianonun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Məşqçilik karyerası ərzində “Viqontina”, “Arzinyano”, “Trapani”, “Spezia”, “Fiorentina” və “Bolonya” kimi komandaları çalışdıran italiyalı mütəxəssis son illərdə Avropa futbolunda diqqət çəkən məşqçilərdən biri hesab olunur.
İtaliano yüksək pressinqə, sürətli tempə və hücum futboluna üstünlük verməsi ilə tanınır. O, “Fiorentina” ilə ardıcıl iki mövsüm UEFA Konfrans Liqasının finalına yüksəlib. Florensiya təmsilçisi 2023-cü ildə “Vest Hem Yunayted”ə, 2024-cü ildə isə “Olimpiakos”a məğlub olaraq kuboku qazana bilməyib.
“Beşiktaş” rəhbərliyi yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacaq güclü heyət formalaşdırmağı hədəfləyir. İtalianonun təyinatından sonra klubun transfer fəaliyyətlərinin daha da sürətlənəcəyi gözlənilir.
Namiq HUN