Əfsanə dayanmaq bilmir - 41 yaşlı Lebron NBA rekordunu yenilədi
İdman
02.02.2026 15:44
“Los-Anceles Leykers” klubunun hücumçusu Lebron Ceyms 2026-cı il ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) “Ulduzlar Matçı” üçün Qərb konfransının ehtiyat heyətinə daxil edilib.
41 yaşlı amerikalı basketbolçu karyerasında 22-ci dəfə bu mötəbər yarışa dəvət alaraq NBA tarixində mütləq rekorda imza atıb.
Lebron ötən mövsüm topuq zədəsi səbəbindən son 20 il ərzində ilk dəfə Ulduzlar Matçında iştirak edə bilməmişdi.
“Leykers”in liderlərindən olan Ceyms “Ulduzlar Matçı”na seçilməsi ilə bağlı fikirlərini də bölüşüb. O, mövsümün əvvəlində bir sıra oyunları buraxmasından sonra ardıcıl seçim seriyasının qırılıb-qırılmayacağı barədə sualı cavablandırıb:
“Düzünü desəm, bu haqda heç düşünmürdüm. Mən 14 oyunu buraxdıqdan sonra sadəcə meydançaya qayıdıb yenidən ən yaxşı oyunumu göstərmək istəyirdim. Oyun pauzası karyeram ərzində heç vaxt baş verməmişdi. Ona görə də həmin vaxt “Ulduzlar Matçı” haqda düşünmürdüm. Mənim üçün əsas məsələ öz səviyyəmə qayıtmaq idi”, - deyə Lebron bildirib.
Xatırladaq ki, Lebron Ceymsin 2005-ci ildən davam edən 22 ardıcıl “Ulduzlar Matçı” seriyası NBA tarixində həm müddətinə, həm də sayına görə rekorddur. Dördqat NBA çempionu, dördqat liqanın ən dəyərli oyunçusu (MVP) və üçqat Olimpiya çempionu olan basketbolçu bu 22 seçimdən 20-də start beşliyində yer alıb.
Əlavə edək ki, 2026-cı il Ulduzlar Matçında üç komanda - iki ABŞ və bir beynəlxalq heyət mübarizə aparacaq. Hər komanda minimum 8 oyunçudan ibarət olacaq. Qarşılaşmalar dairəvi sistem üzrə 12 dəqiqəlik formatda keçiriləcək. Ən yaxşı nəticə göstərən iki komanda finalda üz-üzə gələcək.
Namiq HUN
tag: Lebron Ceyms,“Los-Anceles Leykers” ,NBA, “Ulduzlar Matçı”,Todaypress.tv,
