Debütdə böyük uğur: Əli İskəndərli Avropanın ən güçlü üçlüyünə düşdü!
Serbiyanın Novi Sad şəhərində atıcılıq idman növü üzrə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında 16-cı Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycan atıcıları idman tariximizdə ilk dəfə bu turnirdə mübarizə aparırlar.
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında 9 ölkə və 1 neytral komandadan ümumilikdə 21 idmançı quvvəsini sınayıb. Gərgin təsnifat mərhələsinin ardından təmsilçilərimiz Əli İskəndərli və Nicat Əzimov ilk səkkizlikdə yer alaraq finala vəsiqə qazanıblar.
Həlledici final mərhələsinin yekunlarına əsasən, deaflimpiyaçımız Əli İskəndərli fəxri kürsünün 3-cü pilləsinə qalxaraq bürünc medala sahib olub. Digər idmançımız Nicat Əzimov isə turniri 5-ci sırada tamamlayıb. Bununla da atıcılarımız debüt etdikləri qitə birinciliyində böyük uğura imza atıblar.
Qeyd edək ki, idmançılarımız finalda “Tokio-2025” Deaflimpiya Oyunlarının bürünc mükafatçısı xorvatiyalı Boris Qramnyak, həmin turniri 4-cü pillədə başa vurmuş digər xorvatiyalı Bruno Pervan, neytral komandanın təmsilçisi, "Sofiya-2013" Deaflimpiadasının bürünc mükafatçısı Boris Lazarev kimi təcrübəli rəqiblərlə mübarizə aparıblar.
Namiq HUN